Xəbər verdiyimiz kimi dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Rusiya liderinin Türkiyə przidenti Rəcəb Tayyib Ərdoğanla ikitrəfli görüşü gözlənilir.Politoloq Zərdüşt Əlizadə Rusiya dövlət başçısının Türkiyəyə səfəri və onun Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə ediləcək məsələlər barədə şərh verib.
Zərdüşt Əlizadə Modern.az saytına açıqlamasında deyib ki, Rusiya və Türkiyə üçün prioritet hər iki ölkənin Yaxın Şərq siyasətində əməkdaşlıq etməsidir. “Bununla yanaşı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi də Rusiya və Türkiyə üçün vacibdir”.
Ekspert hesab edir ki, bu mənada Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı gündəlikdə deyil. “Dağlıq Qarabağ problemi Rusiya-Türkiyə münasibətlərində gündəlikdə dayanmır”,-deyə Zərdüşt Əlizadə bildirib.
Politoloqun fikrincə, İŞİD terrorçu qruplaşmasına qarşı anti-İŞİD koalisiyasına qoşulmayan Türkiyə və Rusiya ekstremistlərə qarşı yeni mübarizə formatının yaradılmasında elə də maraqlı deyil. Siyasi təhlilçinin sözlərinə görə İŞİD Rusiyadan uzaqda fəaliyyət göstərdiyi üçün Moskva üçün elə də təhlükə törətmir.
“Türkiyə isə İŞİD-lə mübarizəni özünə əsas məqsəd saymır. Ankaranın əsas hədəfi Bəşər Əsədin devrilməsidir. Buna görə Rusiya və Türkiyənin İŞİD-lə mübarizəsi ümumi sözlərdən ibarətdir, bunun əməli tədbirlərə keçməsi ehtimalı isə çox zəifdir”.
Aqşin Kərimov