Noyabrın 2-dən etibarən “TəhsilPlus” kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər.
Mövzuyla bağlı deputat Samir Vəliyev Modern.az-a açıqlamasında bildirib ki, belə güzəştlər sistematik xarakter daşımalıdır.
"Müəllimlər üçün kitab mağazalarında, kinoteatrlarda, muzeylərdə, sağlamlıq mərkəzlərində endirimlər edilə bilər. Müəllimə edilən güzəştlərə sadəcə sosial güzəşt kimi baxmaq düzgün deyil. Onlara edilən güzəştlər həm sosial siyasət, həm də müəllimin nüfuzunun artırılması və cəmiyyətdə ona verilən dəyərin göstəricisidir. Güzəştlərin onların həyatını asanlaşdırmaqla yanaşı dərin mesaj verir. Yəni, bu peşə dövlət və cəmiyyət üçün əhəmiyyətlidir".

Deputatın sözlərinə görə belə güzəştlər dünya təcrübəsində də özünü göstərir:
"Məsələn, Böyük Britaniyada müəllimlər restoranlarda, eyni zamanda geyim mağazalarında, nəqliyyat xidmətlərində, həmçinin otellərdə müxtəlif xarakterli endirimlərdən yararlana bilirlər. Müəllimlər üçün eyni zamanda xüsusi endirim proqramları da mövcuddur. ABŞ-də bir sıra muzeylər, turistik məkanlar müəllimlərə pulsuz və ya endirimli giriş imkanı yaradır. Bəzi otellər və istirahət mərkəzləri də müəllimlər üçün xüsusi qiymətlər təklif edir. Dünya təcrübəsindən yararlanaraq Azərbaycanda da daha geniş sahələri əhatə edən güzəştlər paketi təklif edə bilərik".
Deputat sonda vurğuladı ki, müəllim öz əməyinin qiymətləndirildiyini hiss etməlidir. Çünki müəllimə verilən dəyər əslində təhsilə, gələcək nəslə və ölkənin gələcəyinə verilən dəyərdir.
Təhsil eksperti İlqar Orucov mövzuyla bağlı açıqlamasında bildirib ki, noyabr ayı ərzində metro və avtobuslarda həftəiçi ilk gedişin 1 qəpik edilməsi müsbət və təqdirəlayiq bir addımdır, lakin bu cür təşəbbüslərin müvəqqəti və kampaniya xarakterli olması onların sosial səmərəliliyini məhdudlaşdırır.

"Müəllimlərin maddi rifahının yaxşılaşdırılması və peşə nüfuzunun artırılması üçün bu güzəştlərin əhatə dairəsi təkcə paytaxtdaxili nəqliyyatla bitməməli, peşə fəaliyyətləri zamanı istifadə edə biləcəkləri digər alışlarda güzəştli şərtlərin təmin edilməsini, daimi internet paketlərini, beynəlxalq elmi bazalara və rəqəmsal kitabxanalara ödənişsiz abunəliyi, eləcə də özəl klinika və sanatoriya xidmətlərini əhatə edəcək şəkildə genişləndirilməlidir".
O bildirib ki, təhsil işçilərinin gündəlik və peşəkar ehtiyacları davamlı xarakter daşıdığı üçün onlara yönəlmiş dəstək mexanizmləri də bir aylıq marketinq aksiyalarından çıxarılaraq daha geniş sosial tərəfdaşlıq modelləri ilə şaxələndirilməlidir:
"Müvəqqəti keşbeklər əvəzinə, ictimai nəqliyyatda standart gediş haqqının müəyyən hissəsinin dövlət tərəfindən subsidiyalaşdırıldığı daimi "Müəllim tarifi" təsdiq edilə bilər, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində böyük market şəbəkələrinə müvafiq vergi güzəştləri edilməklə müəllimlərə daimi, hiss olunacaq endirimlərin verilməsi təmin olunar. TəhsilPlus layihəsinin əhatə etdiyi 185 mindən çox təhsil işçisinin rifahı aksiyalardan asılı qalmamalı, Avropadakı sosial abunəlik modelləri və "Kulturpass" analoqları kimi qanunla qorunan, muzey, teatr və digər mədəniyyət ocaqlarına ödənişsiz limiti olan daimi imtiyazlar paketinə çevrilməlidir" - deyə ekspert sonda vurğulayıb.