Rusiyanın Voronej rayonunun Sovetski məhkəməsində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunan Azərbaycan vətəndaşları, 28 yaşlı Rəşad İsmayılov və 26 yaşlı Azər Nəcəfovun məhkəmə prosesi başlayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2013-cü ilin dekabrında Voronej şəhərindəki “Praqa” kafesində baş verən kütləvi dava zamanı 1 nəfəri öldürən, 4 nəfəri isə bıçaqlayan azərbaycanlılar hadisənin təsadüfi iştirakçıları olublar. Belə ki, istintaq materiallarına görə, Nəcəfov və İsmayılov “Praqa” kafesinə istirahət etməyə gəliblər. Kafenin girişində onlar öz aralarında mübahisə edən iki qrupla üzləşiblər. Həmin qruplardan birinin üzvü dava zamanı səhvən Azər Nəcəfova yumruq zərbəsi endirib. Dostunu müdafiə etmək istəyən Rəşad İsmayılov isə bu zaman üstündə gəzdirdiyi bıçaqla dava iştirakçılarına bıçaq zərbələri endirib. Onun bıçaqladığı 4 nəfərdən biri, 19 yaşlı Vasili Fedayinov sonradan dünyasını dəyişib. Azər Nəcəfov da bıçaqla 1 nəfərə xəsarət yetirib və onun öldüyünü zənn edərək daha zərbə vurmayıb. Məhkəmə Nəcəfovun bu əməlini “qəsdən adam öldürməyə cəhd”, Rəşad İsmayılovun əməlini isə “qəsdən adam öldürmə” və “qəsdən adam öldürməyə cəhd” kimi qiymətləndirib. Günahları sübuta yetiriləcəyi halda Azərbaycan vətəndaşlarını 9 ildən ömürlük həbsə qədər cəza gözləyir.
Vüqar İsmayılov