Dağlıq Qarabağdakı separatçı rejimin girov götürdüyü əslən Kəlbəcərdən olan Dilqəm Əskərovla Şahbaz Quliyevə Xankəndidə qurulan qanunsuz məhkəmə prosesi davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, girovların qondarma məhkəmə prosesindən istifadə edən separatçı rejim Azərbaycanın ünvanına müxtəlif ittihamlar uydururlar. Məsələn, növbəti uydurmaya görə, ermənilərin Qarabağda, öz doğma torpağında qətlə yetirdikləri Həsən Həsənov erməni əsgər Akop İndjiqulyan əsir düşərkən onun dindirilmə prosesində iştirak edib. Bununla kifayətlənməyən separatçıların daha bir iddiasına görə, bu fakt Həsən Həsənovun Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini təsdiqləyir.
Qeyd edək ki, Akop İndjiqulyan 2013-cü il avqustun 8-də qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə əsir düşüb. O bir ildən çox əsirlikdə qaldıqdan sonra özünün istəyi ilə üçüncü ölkəyə təhvil verilib. Ancaq bu il oktyabrın 2-də Ermənistana qayıdıb.
Modern.az