“İsa Qəmbərin partiya başqanlığından getməsi, heç bir ciddi narahatlıq yaratmır. Ümumiyyətlə, onun bu addımının partiyadan getməsi anlamında ifadə edilməsi yanlışdır. Əsas odur ki, o, Müsavat partiyasından getməyib”.
Bunu Modern.az saytına Müsavat başqanının müavini Səxavət Soltanlı deyib. O bildirib ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İsa Qəmbərlə bağlı söylədikləri tam olaraq həqiqəti əks etdirmir.Partiya funksionerinin sözlərinə görə, İsa Qəmbər Müsavat Partiyasının qurultayı tərəfindən qarşıdan gələn prezident seçkilərində namizədliyi irəli sürüləcək liderdir.
O, İsa Qəmbərin başqanlıqdan getməsinin ölkəyə və regiona ciddi nümunə olduğunu da vurğulayıb: “Bu, böyük nümunəni İsa Qəmbər etdi. Mən bunu təbii hal kimi qəbul edirəm.” Müsavat Partiyasının daxilində çoxluğun dəyişiklikdən məmnun olduğunu bildirən partiya rəsmisi bu yeniliklərin İsa Qəmbərin timsalında Azərbaycan cəmiyyətinə təqdim edildiyini deyib: “Sadəcə, az sayda insanlar bu dəyişikliklərə hələ də hazır olmadıqları görüntüsünü yaradırlar. Bu da ciddi narazılıq deyil. Bəziləri bu məsələni bəhanə kimi gündəmə gətirməməlidirlər. Rauf Arifoğluna gəlincə, düşünmürəm ki, o fikrini elə ifadə edib. O da, digərləri də partiyanın bu dəyişikliklərindən məmnun olmalıdırlar. Bu, sadə dəyişiklik deyil, inkişafdır. İsa Qəmbər iki dəfə seçilməyə qarşı çıxaraq Müsavat Partiyasına böyük nüfuz gətirdi”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikrincə, İsa Qəmbər Müsavat başqanlığından getməklə partiya daxilində böhran yaradıb.
Məltəm Talıbzadə