
“Bakcell” şirkəti noyabrın 28-29-da jurnalistlər üçün təlim keçirib.
Modern.az xəbər verir ki, Qusarın “Şahdağ Pik Palace” otelində reallaşan “Mobil telekommunikasiyaya giriş” seminarında həm yerli, həm də xarici ekspertlər yeni texnologiyalar, internetdə təhlükəsizlik, şəxsi məlumatların qorunması, mobil tətbiqetmələr, mobil imza xidməti kimi mövzuları təqdim ediblər.Seminarın ilk günü əvvəlcə “Bakcell” mobil operatorunun korporativ kommunikasiya rəhbəri Süheylə Cəfərova təlim barədə məlumat verib.
“Abunəçilərin bizdən gözləntiləri nədir?” adlı seminarın ilk mövzusunu “Bakcell”in baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancoğlu aparıb. Bostancoğlu artıq sürətlə inkişaf edən cəmiyyətdə insanların daha çox və fərqli xidmətlər tələb etməsini önə çəkərək qeyd edib ki, mobil operatorların iş fəaliyyətində insanların tələbatı nəzərə alınır: “Əsas olan insanların nəyi və necə istəmələridir. Bizim işimizdə ən önəmli şəxslər insanlardır. İşimiz onlara ən yaxşı xidməti təqdim etməkdir. Mobil operatorunda çalışan bütün komandanın məqsədi insanlara rahat və sərfəli xidməti təqdim etməkdir. Məqsəd müştərilərin mobil operatorun xidmətlərindən istifadəsini təmin etmək, proqramlar barədə istiqamət verməkdir...” Onun sözlərinə görə, hazırda “Bakcell”in müştəri xidmətləri 20 saniyədə 85-90 nəfərin müraciətini qəbul edə bilir.
İlk günün təliminin son mövzusu “ Əlavə dəyər xidmətləri” ( ƏDX) olub. Təlimi Bakcellin Əlavə dəyər xidmətləri (ƏDX) bölməsinin rəhbəri Gürel Aktaş aparıb. O qeyd edib ki, hazırda insanlar mobil operatorlarda müxtəlif xidmətlərdən yararlanırlar - musiqi yükləmək, video, müxtəlif oyunlar, sevgi mesajları və. s.
İkinci günün ilk seminarı “Asan imza (mobil imza) ilə bağlı olub. Seminarı “Bakcell” in Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov aparıb. O, qeyd edib ki, əvvəllər bu mobil imza yalnız hüquqi şəxslər tərəfindən istifadə olunurdu. Lakin artıq fiziki şəxslər tərəfindən də istifadə oluna bilər. “Mobil imzanın nömrənizdə olması üçün, “Bakcell” xidmətinə yaxınlaşıb, nömrənizi təqdim etməlisiniz ki, bu proqram yazılsın. Asan imza vasitəsilə sənədlərə mobil telefonla imza ata bilərsiniz”.
Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin dekanı Abzetdin Adamov “Kiber gigiyena” mövzusunda danışıb. O, internetdən istifadə təhlükəsizliyini təmin etmək üçün əməl olunması vacib məsələlərə toxunub. Dekan iştirakçıları online iş fəaliyyətində diqqətli olmağa çağırıb: “İnsanlar bundan əziyyət çəkirlər. Çox vaxt onların profilləri, hesabı ələ keçirilir və ağıla gələ bilməyəcək hadisələr baş verir”. Seminarın sonuncu mövzusu Cəlil Xəlilovun təqdimatında “Mobil tətbiqetmələr. Mobil startuplara dəstək” olub. O, Bakcell”in “Applab” layihəsi barədə məlumat verib. Deyib ki, ilk vaxtlar layihəyə başlayanda onun bu qədər maraq kəsb edə biləcəyini düşünməyiblər: “Lakin hazırda burada çalışmaq üçün hətta tələbələr də müraciət edir. Məqsədimiz, yeni proqramlar ortaya çıxarmaqdır”.
Xatırladaq ki, “Bakcell” mobil operator şirkətinin təşkil etdiyi seminarın məqsədi KİV nümayəndələrinin maarifləndirilməsi olub.




