
Bu gün Ukrayna Ali Radasında yeni hökumətin tərfibi formalaşdırılıb. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, xarici işlər naziri postuna Pavel Klimkin təyin olunub. Onun namizədliyinin lehinə sessiya zalında qeydiyyatdan keçən 383 deputatın 351-i səs verib.
Müdafiə naziri postunu isə 347 deputatın lehinə səs verdiyi Stepan Poltorak tutacaq.
Radikal Partiyadan baş nazirin müavini vəzifəsinə Valeri Voşevskinin namizədliyinə baxılanda Ali Radada mübahisə düşüb. “Pyotr Poroşenkonun Bloku”nun nümayəndəsi Mustafa Nayem Voşevskiyə onun rəsmi tərcümeyi-halı ilə bağlı sual verib: “Orada yazılıb ki, siz guya, pul oğurlamısınız, eləcə də sizin guya, Malta vətəndaşlığınız var?”
Voşevski cavabında qeyd edib ki, Ukrayna vətəndaşıdır və başqa heç bir ölkənin vətəndaşlığı yoxdur. Digər suala gəldikdə, baş nazirin müavini vəzifəsinə namizəd bunu provakasiya adlandırıb. Voşevski qeyd edib ki, bir zaman “Ukravtodor”un rəhbəri təyin olunub və bu vəzifədə bir həftə işləyib. Mübahisədən sonra onun namizədliyi baş nazirin müavini vəzifəsinə təsdiqlənib.
Arsen Avakov bundan əvvəlki hökumətdə olduğu kimi daxili işlər naziri işləyəcək.
İnformasiya siyasəti nazirliyinə isə Yuri Stes başçılıq edəcək. Gürcüstanın keçmiş səhiyyə naziri Aleksandr Kvitaşvili indi bu vəzifədə Ukrayna vətəndaşlığını aldığı bu ölkədə işləyəcək.
Vilnüsdə anadan olan investor-bankir Ayvares Abromaviçus Ukraynanın (ona da bu ölkənin vətəndaşlığı verilib) iqtisadiyyat naziri olub.
ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Natalya Yaresko maliyyə naziri postuna təyin olunub.
Bundan əlavə, Gennadi Zubko regional inkişaf və tikinti, Vyaçeslav Kirilenko mədəniyyət, Vladimir Demçişin energetika və kömür sənayesi, Aleksey Pavlenko aqrar siyasəti və ərzaq, Andrey Pivovarski infrastruktur, Pavel Petronko ədliyyə, Pavel Rozenko sosial siyasət, Sergey Kvit təhsil və elm, Anna Onişenko Nazirlər Kabinetinin naziri, İqor Jdanov gənclər və idman naziri vəzifələrinə təsdiq olunublar.
Modern.az