
Bu il sentyabrın 19-da Biləsuvardakı köçkün qəsəbəsində qonşunun nəzarətsiz itinin hücumuna məruz qalaraq, ağır xəsarət almış Cəbrayıl sakini, 9 yaşlı Fərid Ağakişiyev hazırda ev şəraitində müalicəsini davam etdirir.
Bu barədə Modern.az-a onun babası Allahyar Ağakişiyev məlumat verib.
“Fərid hazırda Biləsuvardakı köçkün qəsəbəsində ev şəraitində müalicəsini davam etdirir. Ümumi vəziyyəti yaxşıdır, normal yeyir-içir, gəzə bilir. Amma katetrlə gəzdiyinə görə məktəbə gedə bilmir, müəllim evə gələrək ona dərs keçir”.
Babası dekabrın 20-də Fəridin əvvəldən nəzərdə tutulan növbəti əməliyyatının reallaşdırılması üçün yenidən Bakıya gələcəklərini söyləyib:
“Bu əməliyyat Fəridin gələcəyi üçün çox vacibdir. Hazırda həyati təhlükəsi tamamilə geridə qalsa da, onun gələcəyi qarşıdakı əməliyyatdan asılıdır. Əməliyyatı Mərkəzi Klinikanın uşaq şöbəsinin müdiri (onkoloq) Ramin Məlikov həyata keçirəcək. Fəridin sonrakı həyatı bu əməliyyatın ardından məlum olacaq”.
Məlumat üçün bildirək ki, qonşunun iti F.Ağakişiyevin cinsi orqanını tamamilə qoparmışdı. Bundan sonra o, Bakıya gətirlərək bir neçə dəfə əməliyyat olunub. Müalicə kurslarını davam etdirə bilmədiklərinə görə baba Allahyar Ağakişiyev Modern.az vasitəsilə imkanlı şəxslərə müraciət edərək kömək istəmiş, az müddət ərzində Fərid üçün tələb olunan maddi vəsait onun bank hesabında toplanmışdı.
Gülşən RAUFQIZI