“Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmamasını ciddi bir çatışmazlıq kimi dəyərləndirmək olmaz. Digər tərəfdən prezidentlərin görüşündə Qarabağ məsələsinin müzakirə olunub-olunmadığını demək də olmaz. Ola bilər ki, bununla bağlı müzakirələr olub, amma mətbuata açıqlanmır”.
Bunu Modern.az saytına açıqlamasında politoloq Razi Nurullayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməməsini şərh edərkən deyib. Ekspertin sözlərinə görə Putin və Ərdoğan Qarabağ problemini müzakirə etsəydilər belə, bu konflikt öz həllini tapmayacaqdı.Razi Nurullayevin fikrincə, Qarabağ probleminin həlli Türkiyənin Azərbaycana dəstək verməsindən asılı məsələ deyil: “Hesab edirəm ki, Qarabağ məsələsinin müzakirə edilməməsi Azərbaycanın maraqlarına hər hansı bir ziyan vurmayıb”.
Analitik qeyd edib ki, Dağlıq Qarabağ problemi Azərbaycan üçün daha çox önəm kəsb etdiyindən bu, Türkiyənin siyasi gündəmini zəbt edən məsələlər siyahısına daxil deyil.
“Dağlıq Qarabağ münaqişəsi Türkiyənin problemi deyil. Qarabağla bağlı status-kvonun saxlanılması, bu münaqişə ilə bağlı proseslərin hansı yöndə inkişaf edib-etməməsi Türkiyənin siyasətində müəyyən dəyişikliklərə gətirib çıxarsa belə, ciddi şəkildə ona təsir etməz. Türkiyə Ermənistanla sərhədlərin açılmasında maraqlıdır, çünki bununla beynəlxalq qınaqlardan canını qurtarmaq istəyir”,-deyə Razi Nurullayev bildirib.
Aqşin Kərimov