Modern.az

Müsavatdan Tapdıq Abbasa CAVAB: “O, ürəkli və doğru adam olsaydı...”

Müsavatdan Tapdıq Abbasa CAVAB: “O, ürəkli və doğru adam olsaydı...”

Təhsil

3 Dekabr 2014, 15:13


Azad Demokratlar Partiyasının (AzDP) Ali Məclisinin sədri Tapdıq Abbasın Müsavat Partiyası ilə bağlı açıqlamaları geniş rezonansa səbəb olub. Onun dediyinə görə, Müsavatın 500 nəfərdən çox üzvü AzDP-yə qoşulmaq üçün müraciət edib. Keçmiş müsavatçı həm də iddia edir ki, Müsavatın 2003-cü ildə keçirdiyi seçki kampaniyasında  3 milyon manatdan çox pul  mənimsənilib: “Müsavatdan indiyə qədər 500 nəfərin o partiyaya müraciəti ilə bağlı heç yerdə məlumat yoxdur.  Bu cür yanlış məlumatlarla  Müsavat Partiyasından qopmaların olduğu bir vaxtda, müəyyən mənfi  təəssürat yaratmağa ehtiyac yoxdur.”

Bunları Tapdıq Abbasın iddialarına cavab olaraq Modern.az-a Müsavat Partiyasının başqan müavini  Gülağa Aslanlı deyib. O, 3 milyon manatın mənimsənilməsi iddiasına da münasibət bildirib: “Kimsə öz partiyasını gücləndirmək istəyirsə, bunun demokratik yolları var. Böhtandan istifadə etmək lazım deyil. Tapdıq Abbaslının dedikləri tamamilə iftira və yanlış məlumatlardır. Həmin fikri söyləyən insan  həmin vaxt partiyanın üzvü olub.  O, həqiqətən ürəkli və doğru adam olsaydı, həmin dövrdə bunu açıqlayardı”.

Onun sözlərinə görə, bu cür məlumatlar zaman-zaman müəyyən insanlar tərəfindən yayılsa da,  bunların həqiqətə uyğunluğu yoxdur: “Onlar “qaralama kampaniyası”na xidmət edirlər.  Özlərini hakimiyyətə göstərmək istəyənlər o cür kampaniya ilə məşğul olurlar. Müsavat Partiyasında seçkilərlə bağlı məlumatlar həmişə şəffaf olub. 2003-cü il seçki kampaniyasında nə qədər vəsaitin xərclənməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına məlumat verilib. Komissiyadan həmin məlumatın yanlış olduğuna dair etiraz gəlməyib”.  

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər məsələyə münasibət bildirərkən, Müsavatdan daxil olan müraciətləri açıqlamaq istəməyib: “Tapdıq Abbasın  verdiyi məlumata görə, rayon təşkilatlarından çox müraciət daxil olub. Biz partiyalardan, xüsusən də Müsavatdan daxil olan müraciətləri açıqlamırıq. Bu indi Müsavat, ümumiyyətlə, müxalifət daxilində olan xoşagəlməz durumla bağlıdır. Əlavə gərginlik yaranmasını istəmirik.  Müsavat Partiyasının daxilində baş verən hadisələrlə bağlı da şərh vermək istəmirəm”.  

Məltəm TALIBZADƏ    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı