“Bu il Azərbaycanın balansına 100 ballıq şkala ilə daha 1 bal əlavə olunub. Əlavə olunan bal dövlətin bu sahədə irəliyə doğru addım atdığının göstəricisidir. Bunu Modern.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Transparency İnternational təşkilatının təqdim etdiyi 2014-cü il Korrupsiya Qavrama İndeksinə (KQİ) münasibət bildirərkən söyləyib.
Hüquqşünas qeyd edib ki, nəticələrin yaxşılaşması Azərbaycanda korrupsiyaya qarşı mübarizə prosesi sürətləndiyini göstərir: “Eyni zamanda, düşünürəm ki, bu siyahıda ölkəmizin yeri daha yüksək olamalı idi. Çünki hazırda korrupsiyaya qarşı həyata keçirilən tədbirlər Azərbaycanın balının daha çox olmasına gətirib çıxarmalı idi. Çox təəssüf ki, biz bu nəticəni görə bilmədik”.
Əliməmməd Nuriyev qiymətləndirmədə iştirak edən şirkətlərin obyektiv qərar vermədiyinə inanır: “Qiymətləndirmədə bir çox təşkilatlar iştirak edir. Azərbaycan üçün qiymətləndirmədə bu il 6 təşkilat iştirak edib. Həmin 6 təşkilatdan Dünya İqtisadiyyat Qrupunun son açıqlamasında qeyd edilib ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 39-cu pillədədir. Bu çox böyük göstəricidir. Eyni zamanda, burada bir çox sahələrdə tərəqqi olduğu, islahatlar aparıldığı vurğulanıb. Digərlərinin ölkəmiz üçün obyektiv qiymətləndirmə apardıqlarını düşünmürəm. Çünki mənbələr açıqlanmır, ayrı-ayrı təşkilatlar informasiya qaynaqlarını göstərmirlər. İnformasiya qaynağının olması vacibdir”.
Müsahibimiz bütün bunlara baxmayaraq, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin genişlənməkdə olduğunu xüsusi vurğulayıb: “ASAN xidmət”in fəaliyyəti, digər təsisatlar, qanunvericiliyin yüksək səviyyədə təkmilləşdirilməsi, elktron hökumətə keçilməsi məhz korrupsiyaya qarşı mübarizənin göstəricisidir.
Korrupsiya indeksinin hazırlanmasında müəyyən metodoloji qüsurlar olsa da, dünya tərəfindən qəbul ediləndir. İnanıram ki, gələcəkdə Azərbaycanla bağlı daha real və obyektiv nəticələri görəcəyik. Bu illərdə korrupsiyaya qarşı mübarizənin kompleks şəkildə aparılması və nəticələrin ortaya qoyulması Azərbaycanla bağlı indeksin daha yüksək olmasına gətirib çıxarmalı idi. Bəzən bu nəticələrin hesablanmasında siyasi amillər də nəzərə alınır. Bəzi reallıqlar obyektiv qiymətləndirməni tam təmin edə bilmir”.
Gülşən RAUFQIZI