Modern.az

Tanınmışlar Prosineçkinin Azərbaycan millisinə baş məşqçi gətirilməsindən DANIŞDILAR

Tanınmışlar Prosineçkinin Azərbaycan millisinə baş məşqçi gətirilməsindən DANIŞDILAR

Təhsil

4 Dekabr 2014, 14:11


Dünən AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında xorvatiyalı çalışdırıcı Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin edildi.

Tanınmışlar Modern.az saytına Prosineçkinin millimizə baş məşqçi  təyin olunmasına münasibət bildiriblər. Onlar yeni məşqçinin Azərbaycan millisində gələcək fəaliyyəti haqda danışıblar.

Tanınmış idman jurnalisti Rövşən Binnətlinin sözlərinə görə, xorvatiyalı məşqçinin milli komandaya gətiriləcəyi əvvəlcədən məlum idi. Lakin onun fikrincə, Azərbaycanın hazırkı futbol reallığı başqa yanaşma tələb edir:

“Dünən, sadəcə təsdiqlənmə iclası keçirildi. Robert Prosinçeki milli komandanın oyunlarına baxıb. Onun necə mütəxəssis olması barədə bir şey deyə bilmərəm. Onun fəaliyyətini şübhə altına almağa hüququm da çatmır. Amma Azərbaycan futbolunun reallığı bu gün başqa yanaşma tələb edirdi. Binanı tikmək üçün xammal yoxdursa, ən mahir bənnanı da gətirsən o binanı tikə bilməyəcək. Bu gün Azərbaycanın uğuru azərbaycanlı futbolçuların fəaliyyətindən asılıdır. O  futbolçuların yetişdirilməsinə çalışmaq lazımdır. Hazırda  xammal yoxdur. Onlar yoxdan heç nə düzəldə bilməzlər.  Bu söhbətlər hələ Berti Foqtsun vaxtında da var idi. Yəni ən güclü mütəxəssisləri gətirmək ölkədə milli komandanın inkişafına xidmət etmək demək deyil. Bu təyinatın böyük süprizə səbəb olacağını gözləmirəm. Berti Foqtsun vaxtında da bu fikirdə idim. Onun 6 illik  fəaliyyəti dövründə yenə də biz eyni problemləri sıralamalı olduq. Yenə həmən məsələ davam edəcək. Söhbət onun qabiliyyətli olub-olmamasından getmir. Xammal yaratmamışıq və biz ondan nəsə gözləyə bilmərik. Amma çox istərdim ki, yanılım”.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov isə hər bir azərbaycanlı kimi millimizin həmişə qalib olmasını istəyir: “İstərdim ki, bizim futbolumuz həmişə öndə olsun. Kimin baş məşqçi gətirilməsindən asılı olmayaraq, təki komandamız qalib olsun”.

Bayram Səfərov hesab edir ki, xorvatiyalı məşqçinin milliyə gətirilməsi də irəliləyişə səbəb ola bilər: “Onun  da öz yetirmələri olacaq. Buna sərmayə ayırıblar. Seçimin düzgün və yaxşı olduğunu qəbul edirəm. Artıq təcrübə qazanmağın ziyanı yoxdur”.  

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli məsələyə münasibət bildirərkən ölkənin indiki futbolçu potensialı ilə bu seçmə mərhələdə hansısa uğur qazanacağımıza ümid etməyə dəyməz: 
“Onsuz da 4 oyunun hamısı məğlubiyyətlə bitib. Robert Prosineçkinin quracağı komanda bu tsikldə Maltanı qabaqlamağa və Norveç ilə Bolqarıstanın başını ağrıtmağa çalışmalıdır”.

Onun sözlərinə görə, Prosineçki indiyə qədər heç bir yığmanı çalışdırmasa da, güclü Xorvatiya yığmasında iş təcrübəsinə malikdir:  “Başqa sevindirici məqam odur ki, o, sələfi Foqtsdan fərqli oalraq ölkənin futbol həyatına qaynayıb-qarışır, hər məqamda canıyananlıq göstərməyə, bizlərdən biri olmağa çalışır. Ailəsini bura gətirmək qərarı, Bakıda yaşamaq istəyi xoşdur. Maraqlıdır ki, yeni  məşqçi yığmanın gələcəyinə dair də yetərincə nikbindir. İstənilən halda, nəticələr Foqtsun dövründəkindən pis olmayacaq. Amma eyni zamanda onun qarşıya qoyulan əsas vəzifənin öhdəsindən gələcəyinə, yəni yığmanı AÇ-2020-nin final mərhələsinə daşıyacağına da inanmıram”.

Tanınmış jurnalist  Şakir Yaqubovun sözlərinə görə, rəhbərlik Robert Prosineçkini seçib. Lakin yeni məşqçini yalnız  futbolçu kimi tanıyır: “Robert Prosineçki məşqçi kimi hələ şöhrət qazanmayıb. Amma gəncdir. Ola bilsin istəkləri çoxdur. Bəlkə də onun istəkləri bizə xeyir gətirə bildi. O razı olub ki, gəlib Azərbaycanda qalsın. Ailəsini də gətirib. Onu dəstəkləyirəm ki, həmişə komanda ilə olacaq. Berti Foqtsun etmədiklərini etdi.  Gəldi burada komandanın bütün oyunlarını izlədi. Nəticədə burada yaşamağı qəbul etdi”.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı