Arif Hacılının Müsavat Partiyasına başqan seçilməsindən narazı qalanlar ayrı-ayrı təşkilatlar yaradır. Başqanlığa namizəd kimi Arif Hacılın əzəli rəqibi olan Səxavət Əlisoy professor Adil Qeybulla ilə "Siyasi Dialoq və İslahatlar Mərkəzi"i (SDİM) adlı yeni qurum yaratmışdı.
Dekabrın 3-də isə yeni başqanın apardığı siyasətə kəskin etiraz edən Müsavat başqanlığına sabiq namizəd “Azərbaycan Demokratiya və Rifah Hərəkatı”nın yaradıldığını bəyan edib. Bu hərəkatda SDİM-in həmtəsisçiləri olan Adil Qeybulla və Səxavət Əlisoy da təmsil olunur. Bəs, hər iki təşkilat bir-biri ilə əməkdaşlığı hansı formatda quracaq?
Professor Adil Qeybulla Modern.az saytına açıqlamasında deyib ki, Qubad İbadoğlunun yaratdığı təşkilatın getdikcə genişlənməsi nəzərdə tutulur. O, bildirib ki, onun Səxavət Əlisoyla birgə təsis etdiyi SDİM-də “Azərbaycan Demokratiya və Rifah Hərəkatı” ilə əməkdaşlıq edəcək.
Adil Qeybulla bu əməkdaşlığın perspektivdə hər iki qurumun birləşməsinə gətirib çıxaracağını da istisna etməyib: “Lakin gələcəklə bağlı birmənalı söz demək çətindir. Hesab edirəm ki, hər iki təşkilat Azərbaycanın siyasi həyatında öz sözünü deyəcək. Bizim birgə mövqeyimiz də ola bilər, hətta birləşə də bilərik”.
Aqşin Kərimov