Bu gün Türkiyənin “Sabah” qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı dərc edib. Qəzetdə yer alan “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi “Dağlık Karabağ Cumhuriyeti” kimi göstərilib.
QHT Şurası nəzdində Media İşçi Qrupu qardaş ölkədə fəaliyyət göstərən bir qəzetdə Azərbaycana qarşı bu cür münasibət sərgiləyən, Azərbaycan ərazisini Dağlıq Qarabağ Cümhuriyyəti kimi göstərilməsinə kəskin etiraz edib.
“Hesab edirik ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncləri veriblər.
Bütün bunlara baxmayaraq Türkiyədə nəşr olunan “Sabah” qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib.
Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun “Sabah” qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik.
Qardaş bir ölkədə fəaliyyət göstərən “Sabah” qəzeti bu yazı ilə on minlərlə azərbaycanlı şəhidin ruhunu təhqir edib.
Təcili şəkildə “Sabah” qəzetindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik”.

Modern.az