Modern.az

“Konstitusiya” Araşdırmalar Fondundan bəyanat: “Şults qərəzlidir”

“Konstitusiya” Araşdırmalar Fondundan bəyanat: “Şults qərəzlidir”

Təhsil

4 Dekabr 2014, 18:13


“Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Strasburqda Avropa Parlamentinin Saxarov adına mükafatın təqdimetmə mərasimində Azərbaycanda insan haqlarının vəziyyəti barədə söylədiyi fikirlərlə bağlı təəssüflə bəyan edirik ki, obyektivlikdən uzaq və qərəzli açıqlamalarla cənab Şults beyəlxalq ictimaiyyətdə və beynəlxalq təşkilatlarda Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır”.

Modern.az saytı xəbər verir ki, bu bəyanatla Konstitusiya Araşdırmalar Fondu çıxış edib.

Bəyanatda deyilir ki, Martin Şults artıq birinci dəfə deyil ki, Azərbaycan haqqında reallıqdan uzaq, sırf subyektiv qənaətə söykənən və konkret qrupların maraqlarını ifadə edən açıqlamalarla çıxış edir. Onun fikirləri, reallıqdan uzaqdır, heç bir obyektiv təhlilə, araşdırmaya əsaslanmır və Azərbaycana münasibətdə yalnız qərəzli münasibətin göstəricisi sayıla bilər.

“Eyni zamanda cənab Şults Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması, problemlərin həlli ilə bağlı atılan addımlar barədə  bilərəkdən susmağa üstünlük verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Şurasının Baş katibi cəmab Turbyorn Yaqlandın təşəbbüsü ilə İnsan Hüquqları üzrə Birgə Qrup yaradılıb. İnsan Hüquqları üzrə Birgə Qrupda vətəndaş cəmiyyəti, dövlət və hakimiyyət orqanlarının təmsilçiləri, həmçinin Avropa Şurasının Baş katibinin şəxsi nümayəndəsi təmsil olunub. İnsan Hüquqları üzrə Birgə Qrupun yaradılması  insan haqları sahəsində problemlərin müzakirəsi və həlli ilə bağlı vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında səmərli dialoqu üçün platforma rolunu oynamaqdadır. Bu platforma və dialoq prosesi vətəndaş cəmiyyətinə insan haqları sahəsində problemlərin hakimiyyətlə müzakirəsi və qısa zamanda həlli üçün çox yaxşı imkanlar yaradıb. Cənab Şultsun  həqiqətdən uzaq, real faktlara söykənməyən fikirləri kimi açıqlamalar isə bu prosesə mane olur”.

Konstitusiya Araşdırmalar Fonda bəyan edib ki, Avropa Parlamentinin prezidentinin Azərbaycana Avropa Parlamentinin nümayəndə heyətinin səfərinə imkan verilməməsi ilə bağlı dedikləri də rəsmi şəkildə Azərbaycan rəsmiləri tərəfindən təkzib olunub. Azərbaycanla bağlı informasiyaların bu cür təhrif olunması da Martin Şultsun qeyri-obyektivliyindən, qərəzli münasibətindən xəbər verir.

Bəyanatda daha sonra bildirilir:

“İnsan haqlarının vəziyyəti ilə bağlı məsələlərdə haqsız olaraq ardıcıl şəkildə Avropa Parlamentində Azərbaycanın hədəf alınması və cənab Şultsun hər zaman bu prosesdə ön sıralarda olması bu nüfuzlu quruma etimadı sarsıdır və onun nüfuzuna kölgə salır. Azərbaycandakı proseslərə birtərəfli baxış, yalnız konkret hadisələrin ölkədə baş verən proseslərin kontekstindən çıxarılaraq qabardılması siyasi təzyiq təəssüratı yaradır. Bu isə Azərbaycan vətəndaş cəmiyyəti tərəfindən təəssüflə qarşılanır.

Azərbaycan vətəndaş cəmiyyəti Avropa Parlamentinin və şəxsan cənab Şultsun Qarabağ münaqişəsi nəticəsində öz evlərindən didərgin düşmüş, 20 ildir ki, köçkün həyatı yaşamağa məhkum edilmiş, hüquqları tapdanmış  azərbaycanlılara münasibətdə belə həssas münasibət gözləyir və tələb edir. Əgər Avropa Parlamenti doğurdan da Avropa məkanında və Azərbaycanda insan haqları ilə bağlı məsələlərə töhvə vermək niyyətindədirsə o zaman yuxarıda qeyd olunduğu kimi Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş  1 milyon azərbaycanlıların hüquqları ilə bağlı adekvat addımalr atmalıdır. Əks halda Avropa Parlamentinin və cənab Şultsun konkret maraqlardan çıxış edərək Azərbaycanla bağlı mənfi rəy yaratmağa çalışdıqları qənaəti formalaşır.

Vətəndaş cəmiyyəti olaraq hər zaman hökuməti Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin, ikitərəfli əlaqələrinin inkişafı  təşviq etməyə çalışırıq. Həmçinin, Avropa İttifaqının Azərbaycanla münasibətlərin dərinləşməsi üçün təşəbbüslərini təqdir edərək, bütün mümkün vasitələrlə dəstək veririk. Azərbaycanın həmçinin müstəqlil, öz zəngin tarixi, mədəni irsi ilə Avropada inteqrasiya proseslərinə, sabitlik və təhlükəsizliyə  töhfə verəcəyinə əminik. Lakin, Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurasından, Avropa ölkələrindən adekvat münasibət, yanaşma da ikitərfli əlaqələrin inkişafının  əsas şərtlərindən biri kimi çıxış edir.

Saxarov adına mükafatın təqdimetmə mərasimində səslənən fikirlər, bu kimi açıqlamalar düşünməyə əsas verir ki, bəzi şəxs və qrupların əsil niyyəti Azərbaycanda demokratiyanın inkişafı, demokratik dəylərləin daha geniş təşəkkül tapmasına, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğuna töhfə vermək deyil, Azərbaycanı bütün mümkün vasitələrlə təzyiq alıtında saxlamaq, neqativ imic yaratmaqdır. 

Azərbaycan vətəndaş cəmiyyəti bu təşəbbüsləri qəti şəkildə pisləyərək, etiraz edir. Azərbaycan vətəndaş cəmiyyəti hesab edir ki, problemlərin həlli yolu ittihamlardan deyil, müzakirə və dialoqdur. Azərbaycan vətəndaş cəmiyyəi bu istiqamətdə bütün mümkün vasitələrlə töhfə verməyə hazırdır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı