Modern.az

Bank VTB (Azərbaycan)-ın rublla verilən kreditləri 1 milyardı ötüb

Bank VTB (Azərbaycan)-ın rublla verilən kreditləri 1 milyardı ötüb

Təhsil

5 Dekabr 2014, 14:26

Bank VTB (Azərbaycan) tərəfindən rublda verilən kreditlərin ümumi həcmi 2014-cü il dekabrın 1-i vəziyyətinə 1 mlrd. rubl həddini ötüb. Rubl kreditlərinin böyük hissəsi (78%) istehlak kreditlərinin payına düşüb və 795 mln. rubl təşkil edib. İstehlak kreditlərinin strukturunda təqribən 10% və ya 78 mln. rubl avtokreditlərin payına düşür.
Bankdan Modern.az-a verilən məlumata görə, həmçinin korporativ müştərilərə 166,5 mln. rubl həcmində kredit verilib, kiçik və orta sahibkarlığın maliyyələşməsinə isə 50 mln. rubl ayrılıb.

Rusiya valyutasından kreditləşmə üçün istifadə edilməsi Bank VTB (Azərbaycan)-ın fəaliyyətində yeni istiqamətdir və 2014-cü ilin avqust ayından tətbiq olunur.

"Bu, korporativ və pərakəndə biznes üçün kifayət qədər maraqlı və sərfəli istiqamətdir. Rusiyadakı tərəfdaşları ilə ticarət əlaqələri quran bir çox şirkətlər gəliri rublla əldə edirlər. Bu şirkətlər konvertasiya ilə bağlı bir çox risklərin və sazişlər imzalanarkən ortaya çıxan çətinliklərin qarşısını almaq üçün müqavilələri rubl əsasında bağlamağa hazırdırlar. Rusiya tərəfinə gəldikdə isə, xarici ticarətdə ödənişlərin rublla aparılması zamanı valyuta nəzarəti proseduru asanlaşır, ödənişlər sürətlə həyata keçirilir”, - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev qeyd edib.

Yaxın zamanlarda Bank VTB (Azərbaycan) müştərilərinə yeni məhsul – rublla plastik kartlar təqdim etməyi planlaşdırır. Bank ekspertlərinin fikrincə, Rusiyada biznes tərəfdaşları olan sahibkarların və bu ölkədə yaşayan azərbaycanlıların rubl kartından geniş istifadə edəcəyi gözlənilir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 12  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı