
Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və Diskriminasiya qarşı Komitəsinin iclasında "Neonasizmin qarşısının alınması" mövzusunda müzakirələr keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin üzvü, Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi alt komitəsinin sədri Sahibə Qafarova məruzə ilə bağlı çıxış edərək deyib ki, bu məsələnin müzakirəsi olduqca əhəmiyyətlidir. Çünki neonasizm hazırda Avropanı təhdid edən və getdikcə daha çox hiss deilən bir problemə çevrilməkdədir. Onun sözlərinə görə, neonasizm sadəcə qarşı millətlərə nifrət, onlara qarşı düşmənçilik deyil. bunun əsasını irqçilik təşkil edir.
“Əlbəttə ki, bu gün dünyanı təhdid edən başlıca təhlükələrin və bəşəriyyətin üzləşdiyi bir çox problemlərin, sülhə qarşı yönəlmiş davranışların da təməlində məhz bu irqçilik gəlir. Məhz bunun nəticəsində də dünyada müharibələr, işğallar baş verib və verməkdədir. Əlbəttə ki, bu problemlərin həlli bizim özümüzdən, birgə əməkdaşlıqdan asılıdır. Mən çox istərdim ki, gələcək məruzələrdə təhsi və təlimlə bağlı məsələlər də öz əksini tapsın. Çünki uğurlu maarifləndirmə və düzgün qurulmuş ideoloji işlə bu problemlərin həllinə dəstək verə bilərik. Əlbəttə, neonasizmin miliyəti, dini yoxdur. O hər kəsi, hər bir xalqı, hər bir dindən olan insanı təhdid edir. Bu gün burada "İŞİD"dən danışıldı. Mən hesab edirəm ki, "İŞİD" bir terror qruplaşmasıdır və onun İslama heç bir aidiyyatı yoxdur. bu kimi terror təşkilatları öz fəaliyyətlərini din pərdəsi altında pərdələməyə çalışsalar da, əslində, bunun bir adı var – terror. Terror isə hamı üçün təhlükədir".
Daha sonra Alt komitə sədri vurğulayıb ki, əgər biz neonasizm haqqında danışırıqsa, mütləq bunun qarşılığı haqqında da danışmalıyıq. Neonasizimin alternativi tolerantlıq və multikultural dəyərlərin qorunması və inkişafıdır. Biz bunu Azərbaycanın timsalında daha aydın görə bilərik: "Bu gün multikulturalizim Azərbaycan dövləti üçün sadəcə bir siyasi dəyər deyil. Bu, bizim tariximizdən gələn dəyər, bizi birləşdirən normadır, Azərbaycan xalqının həyat tərzidir. Azərbaycan dövləti üçün multikulturalizmin əhəmiyyətini göstərən kifayət qədər geniş faktlar mövcuddur. Mən sadəcə onların bir neçəsini qeyd etmək istərdim. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidməti, Bakıda Multikulturalizm Mərkəzi yaradılıb. Bundan başqa, Azərbaycan Bilik Fondu fəaliyyət göstərir ki, bu qurumların da fəaliyyətinin əsas məqsədi məhz multikultural dəyərləin təbliğidir. Azərbaycan hər il dinlərarası dialoqa ev sahibliyi edir. Bakıda keçirilən tədbirlərdə dünyanın bir çox ölkələrindən, dövlət xadimləri, elm adamları, din xadimlər iştirak edirlər".
Modern.az