Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbulu Birinci Mahmudlu kəndində keçirilib.
Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi davam etdirildiyini bildirib. Alı Alıyev İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. O, deyib ki, Birinci Mahmudlu kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edir. Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir sakin pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib. Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
