Modern.az

Bilik Fondu Azərbaycan elmini Çexiyada təbliğ edir - FOTOLAR

Bilik Fondu Azərbaycan elmini Çexiyada təbliğ edir - FOTOLAR

Təhsil

5 Dekabr 2014, 16:09


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Çexiya Respublikasının paytaxtı Praqa şəhərində sərgisi davam edir.

Fondun İnformasiya təminatı sektorundan Modern.az-a verilən məlumata görə, “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində “Azərbaycanın geologiya elmi Çexiyada” adlı sərgi dekabrın 3-də başlayıb.

İlk tədbir Karlov Universitetində keçirilib. "Azərbaycan - Çexiya: Tarixi-mədəni münasibətlər" mövzusunda təşkil olunan Dəyirmi masada elm-təhsil, siyasət, incəsənət, iş adamları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iki dost ölkənin ortaq dəyərlərindən danışılıb, tarixi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Karlov Universitetinin Yaxın Şərq və Afrika ölkələri üzrə İnstitutunun professoru Eduard Gombar, Çexiya respublikasının Türkiyədəki sabiq səfiri, dilçi alim Tomas Lane, AMEA müxbir üzvü Arif İsmayılzadə və Təbiət tarixi muzeyinin direktoru Tariyel Eybətov, Petrologiya üzrə tanınmış çex tədqiqatçısı Shah Vali Faryad, Çexiya milli təbiət muzeyinin direktoru Jirina Daskova və muzeyin digər əməkdaşı tanınmış paleontoloq Jiri Kvacek, Çexiya Sənaye nazirliyinin təmsilçisi Pavel Kavina, Univeristetin geologiya üzrə professoru Pavel Bosak müzakirələrdə çıxış edərək bildiriblər ki, Azərbaycanla Çexiya arasında tarixi-mədəni münasibətlər genişləndirilməli, indiki qloballaşma dövrünə uyğunlaşdırılmalıdır. Tədbir iştirakçılarının fikrincə, olkələr arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün münbit zəmin var.

Karlov Universitetində reallaşan “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisinin açılışında Universitetinin rektoru Tomas Zima Azərbaycanla Çexiya Respublikasının böyük enerji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Çexiyanın enerji tələbatının 20 faizindən çoxunu Azərbaycanın ödədiyini xatırladan rektor deyib ki, belə layihələr iki ölkə arasındakı elmi mübadilənin inkişafına təkan verir.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Azərbaycan elminin xaricdə tanıdılması məqsədi ilə Bilik Fondunun həyata keçirdiyi layihələri alqışladığını bildirib və qeyd edib ki, belə tədbirlərin bütün elm sahələrini əhatə etməsi  vacibdir. Səfirin sözlərinə görə, elmimizin xaricdə tanıdılması tələbə və müəllim mübadiləsinə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasətinin təbliğinə şərait yaradacaq.   

Azərbaycanlı alimlər geologiya elmində qazandıqları nailiyyətləri, təmsil etdikləri ölkənin ərazisində aşkara çıxardıqları qiymətli qədim eksponatları, dəmir, qızıl, gümüş, alunit, polimetal və başqa yataqların əks olunduğu xəritələri nümayiş etdirib, çex alimləri ilə əməkdaşlıq münasibətləri qurublar.

Sərgiyə qatılan çexiyalı alimlər deyiblər ki, nümayiş olunan eksponatlar Azərbaycanın geologiya elmi - zəngin yeraltı və yerüstü sərvətləri haqqında xeyli bilgilər verib.

Dekabrın 4-ü növbəti Dəyirmi masa keçirilib. Bilik Fondunun icraçı direktorunun, hər iki ölkənin elm adamlarının “Çexiya - Azərbaycan elmi  əlaqələri” mövzusunda mühazirləri dinlənilib. Mühazirələrdən sonra səsləndirilən fikirlər ətrafında müzakirələr olub. “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində belə bir tədbirin ölkəmizdə keçirilməsinin vacibliyi vurğulanıb. 

Sərgiyə qatılan alimlərimiz Karlov Universitetinin Fəlsəfə fakültəsində Azərbaycanşünaslıq ixtisası üzrə təhsil alan çexiyalı tələbələrlə görüşüblər. Görüşdə Azərbaycanın dünəni və bu günü barədə ətraflı bilgilər verilib, ölkə rəhbərliyinin dövlətin gələcəyi üçün həyata keçirdiyi proqramlardan danışılıb. Çexiyalı gənclər Azərbaycanı görmək arzusunda olduqlarını bildiriblər.

Bütün elm sahələrində qazanılan nəaliyyətlər Bilik Fondunun  “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində başqa ölkələrdə də geniş təbliğ olunacaq.







Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı