Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı qhtxeber.az -ın 5 yaşı tamam olur.
“Ad günümüzü təmtəraqlı qeyd etmirik. Ancaq şuranın işçiləri ilə tort kəsdik. Xoş sözlərini dedilər”. Bunları Modern.az-a saytın redaktoru Sənan Nəcəfov deyib.O, sosial şəbəkələrdən çoxlu təbrik aldıqlarını bildirib. Amma baş redaktor ad gününə fərqli yanaşır: “Sadəcə, rəqəm dəyişir. Yaşın neçə olmasının fərqi yoxdur, əsas olan mahiyyətdir. Biz yaranandan qarşımıza məqsəd qoyduq ki, QHT sektorunun vahid portalı olacağıq. Bu gün haqqımızda deyilənlər onu göstərir ki, biz onların xəbər tribunası ola bilmişik”.
Onun sözlərinə görə, bu günə qədər QHT-lər hansı məlumatı göndəriblərsə, saytda yerləşdiriblər. Baş redaktor deyir ki, hətta gecə saatlarında bəzən xəbərlərin yerləşdirilməsi üçün müraciətlər olur.
Baş redaktor gələcək fəaliyyətlərindən də danışıb: “Biz xəbər daşıyıcısıyıq. Fəaliyyətimiz Azərbaycan dövlətinin siyasəti ilə bağlıdır.
Dövlətin QHT-lərlə bağlı verdiyi mühüm qərarları yazırıq, informasiya baxımından dövlətin addımlarını dəstəkləyirik. Bundan sonra da fəaliyyətimiz bu istiqamətdə davam edəcək”.
Məltəm Talıbzadə