
Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli və digər qonşu kəndlərində məskunlaşan kəlbəcərli məcburi köçkünlər, eləcə də bu kəndlərin yerli sakinləri əlacsız duruma düşüblər.
Səbəbini deyək, siz də biləsiniz: soyuqda qızınmaq üçün qaz yox, oduncağın qiyməti isə ceyran belində...
Baxmayaraq ki, həmin kəndlərin necə deyərlər həm sağında, həm də solunda mavi yanacaq var. Hətta ana qaz xətti Qaraçinar kəndindən keçir.
Bu zavallıların müraciət etmədikləri qurum, döymədikləri qapı qalmayıb. Məcburi köçkünlər onlara qarşı ayrı-seçkilikdən, ögey münasibətdən gileylidirlər.
Bunu kənd sakinləri Modern.az-a ünvanladığı növbəti müraciətlərində bildiriblər.
Onlar bir növ unudulduqlarını düşünür və nə vaxtsa bu problemin həll olunacağından ümidlərini üzdüklərini deyirlər.
Modern.az saytı məsələni araşdırmaq üçün Qaqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib.
Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib ki, həmin ərazidə qaz olmamasının səbəbi “Dövlətqaçqınkom”un təqsiri deyil.
“Çünki komitə ümumiyyətlə qaz xətti çəkmir. Mavi yanacaq məsələsi “Azəriqaz”ın işidir, bizsə onların işinə qarışa bilmərik”.
E.Qədimov qeyd edib ki, “Dövlətqaçqınkom” sadəcə məcburi köçkünlər üçün verilən qazın nəzərdə tutulan limitdə ödənişini edir.
“Qalan məsələlər bizlik deyil”.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev isə Modern.az-a açıqlamasında bildirib ki, həmin kəndlərdə ümumiyyətlə qaz xətləri çəkilməyib:
““Azəriqaz” qazla təminatı dövlət proqramına uyğun olaraq reallaşdırır. Əgər 2014-2015-ci il dövlət proqramında nəzərdə tutulubsa, sözügedən ərazilərə qaz çəkiləcək. Yox daxil edilməyibsə sakinlər gözləməli olacaq. Bu, bizdən asılı bir şey deyil”.
Qaraçinar, Yenikənd, Meşəli kəndləri Goranboyun Şəfəq və Ağcakənd yaşayış məntəqələri arasında yerləşir. Həm Şəfəq, həm də Ağcakənd kəndlərində sakinlərə mavi yanacaq verilsə də, kəlbəcərlilər məskunlaşan kəndlərə yaxın məsafədən keçən borulardan mavi yanacaq çatmır.
Qəribəsi isə odur ki, rayondan Ağcakəndə çəkilən qaz kəməri Qaraçinar, Yenikənd, Meşəli kəndlərinin içərisindən keçir.Yəni burada qaz xəttinin uzaq olması kimi bəhanə gətirilə bilməz. Əgər doğurdan da kəndlərə çəkilən qaz dövlət proqramına əsasən növbə ilə rallaşdırılırsa, ortadakı kəndlər niyə növbəyə düşməyib?”
Gülşən RAUFQIZI
P.S. Mövzunu davam etdirəcəyik