“Azadlıq” radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə ittiham olunaraq barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ABŞ və beynəlxalq təşkilatların etirazına səbəb olub. ABŞ Dövlət Departamentinin rəsmisi Marie Harf bunu Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəlikləri yerinə yetirməməsi kimi dəyərləndirib.
Jurnalist Xədicə İsmayılın həbsinə görə beynəlxalq birliyin Azərbaycan hakimiyyətini tənqid etməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) münasibət bildirib.YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına deyib ki, bu, birinci növbədə Azərbaycanın daxili işidir.
Onun fikrincə, ABŞ Dövlət Departamenti və ATƏT heç vaxt Xədicə İsmayılın hansı əməli törədəcəyi ilə bağlı qarantiya verə bilməz: “Bunu müəyyənləşdirən Azərbaycanın istintaq, hüquq-mühafizə orqanlarıdır. Digər tərəfdən, məhkəmə istintaq işini aparmaq üçün Xədicə İsmayıl haqqında qərar qəbul edib. Məhkəməyə və istintaqa hər hansı bir təzyiq etmək olmaz”.
YAP rəsmisi xatırladıb ki, Xədicə İsmayıl haqqında mətbuatda kifayət qədər ittihamlar səsləndirilib: “Bunun doğru olub-olmadığını istintaq aydınlaşdıracaq. Ona görə ABŞ-ın narahatlığını başa düşə bilmirəm. ABŞ-ın özündə qaradərili vətəndaşların soyqırımı başlayıb. ABŞ polisi birini boğub, digərini güllələyib öldürür. Buna etiraz edən vətəndaşlar isə həbs olunur. Sual olunur: “Bəs, siz özünüz niyə bunları edirsiniz?”
Siyavuş Novruzov Xədicə İsmayılın həbsinin onun peşə fəaliyyəti ilə bağlı olmadığını da bildirib.
Aqşin Kərimov