
Göygöl rayonun bir çox kəndi qış mövsümünü həmişə odun sobaları ilə qarşılayır.
Bu bölgədə qış sərt keçir. Buna baxmayaraq, yerli sakinlər evlərini isitmək üçün yaxın meşələrdən odun daşımalı olurlar. Çünki ərazidə mavi yanacaq istifadəyə verilməyib, daha doğrusu qaz xətləri heç çəkilməyib.
Modern.az saytının məlumatına görə, belə kəndlərdən biri də Göygöl rayonunun Toğanalı kəndidir. Yerli sakinlər bizə ünvanladıqları müraciətdə bildiriblər ki, hazırda kənddə vəziyyət yaxşı deyil. Dağlarla əhatə olunan Toğanalıda qış sərt keçir. Artıq bu kəndə qar yağıb və havalar çox soyuqdur. Sakinlər isə sərt soyuğun qarşısında əsir-yesir qalıblar...
Sakinləri sözlərinə görə, onlar evlərini qızdırmaq üçün oduna möhtacdırlar. Bəzən odunun qırılmasına qarşı olan qadağalar əl-qollarını bağlayır. Kənd əhalisi bildirirlər ki, bəzən övladları məktəbə də gedə bilmir. Çünki uşaqlar meşədən odun gətirmək üçün ailələrinə kömək edirlər. Nəticədə uşaqlar normal təhsil ala bilmirlər. Bu məsələ hazırda kənd sakinlərini narahat edir.
Göygöl-Daşkəsən seçki dairəsindən deputat Rövşən Rzayev məsələ ilə bağlı Modern.az-a bildirib ki, hazırda həmin bölgələrdə qaz xəttinin çəkilməsi üçün intensiv işlər gedir.
“Yaxın zamanlarda kənd sakinləri qazdan istifadə edə biləcəklər. Çalışacağıq, problem həll olunsun. Onlar mənim seçicilərimdir. Hər zaman onlarla maraqlanıram. İstənilən problemləri ilə bağlı da məlumatım var”.


Məltəm TALIBZADƏ