Modern.az xəbər verir ki, Millət vəkili Elmira Axundova deputat seçildiyi Masallı rayonunda seçiciləri ilə 2014-cü ilin yekunlarına dair hesabat xarakterli görüş keçirib, vətəndaşlarla qəbul günü təşkil edib, yenicə təmirdən çıxmış iki kənd xəstəxanasının açılışında iştirak edib.
Belə ki, Elmira Axundova ilk olaraq Boradigah qəsəbəsində 04 dekabr 2014-cü ildə bələdiyyə binasında vətəndaşlarla görüş keçirdi. Görüşdə 130-dan çox vətəndaş iştirak edirdi. Hər il olduğu kimi bu il də xanım millət vəkili cari ildəki fəaliyyəti barədə geniş hesabatla əhali qarşısında çıxış etdi. O bildirdi: “Hər ilki ənənəyə sadiq qalaraq bu il də görüşünüzə gələrək sizlərin qarşısında illik hesabatımı vermək istəyirəm. Şəxsən mən hesab edirəm ki, seçdiyi deputatın gördüyü işlərlə tanış olmaq hər bir seçicinin hüququdur”.
Daha sonra o Milli Məclisin 2013-2014-cü illər ərzindəki fəaliyyətindən, orada qaldırılan məsələlərdən, qəbul olunan qanunlardan, qərar və bəyanatlardan söz açdı. Məsələn, Elmira Axundova Milli Məclisin yaz sessiyasında Ailə Məcəlləsinə tibbi arayışla bağlı əlavənin edilməsini seçicilərin nəzərinə çatdıraraq qeyd etdi: “Burada toplaşan ən aktiv seçicilərimdən xahiş edərdim ki, bu əlavənin əhəmiyyətini cavanlara başa salsınlar. Gərək yeni ailə qurmaq istəyən gənclər tibbi yoxlanışın nəticələrini bir-birindən gizlətməsinlər. Siz məndən də yaxşı bilirsiniz ki, ruhi xəstəlik, talassemiya, gemofiliya kimi ağır genetik xəstəliklərin sayı nə qədərdir. İndi bu qanun əlavəsi imkan yaradır ki, biz bu xəstəliklərin qarşısını alaq. Mən xüsusilə üzümü müəllim və səhiyyə işçilərinə tuturam, bu məsələ ilə bağlı geniş təbliğat işi aparmanızı sizlərdən xahiş edirəm”.
Daha sonra Elmira Axundova 17-19 noyabrda keçirilən büdcə dinləmələri və 2015-ci ilin büdcə proqnozu haqqında seçicilərə ətraflı məlumat verərək qeyd etdi ki, o, həm respublika əhəmiyyətli, həm də Masallı rayonunun problemləri barədə iki dəfə nitq söyləyib. O bildirdi ki, Ukrayna və Yaxın Şərqdə xoşagəlməz hadisələrin baş verməsi, neftin qiymətinin aşağı düşməsi, dünyanın nəhəng dövlətlərinin iqtisadiyyatında tənəzzülün baş verməsi fonunda manatımızın məzənnəsinin stabil qalması böyük nailiyyətdir. Bir çox dünya dövlətlərində büdcə xərcləri azaldılır, pensiyalar dondurulur. Bizdə isə pensiya islahatları davam etməkdədir. Həmçinin bir çox sahələr üzrə həm gəlirlər, həm də xərclər artırılmışdır. Hərbi, müdafiə, elm, təhsil, səhiyyə, sosial və s. sahələr üzrə xərclərdə artım müşahidə olunmaqdadır. Millət vəkili bildirdi ki, bütün bunlar hökumətin və onun rəhbəri İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsidir.
Bundan sonra Elmira Axundova 2014-cü il ərzində irəli sürdüyü təkliflərə toxunaraq qeyd etdi ki, həm qanunvericiliyə edilən dəyişikliklər, həm cari məsələlər, həm də ümumi problemlərlə bağlı müxtəlif xarakterli 40-dan çox çıxışı olub.
Millət vəkili həm respublika, həm də rayon səviyyəli bir çox məsələlərlə bağlı ayrı-ayrı dövlət qurumlarına göndərdiyi bəzi təkliflər barədə seçicilərə məlumat verdi. O ki, qaldı seçicilərin şikayət və təkliflərinə, deputat qeyd etdi ki,
elə bir ərizə ola bilməz ki, cavabsız qalsın, 2014-cü ildə 200-dən çox yazılı müraciətə baxılıb və aidiyyəti üzrə göndərilib.
Sonda millət vəkili bələdiyyə seçkilərinin əhəmiyyətdən danışaraq bildirdi: “Bələdiyyələr həyatımızda getdikcə daha əhəmiyyətli və mühüm yer tutmağa başlayır. Artıq onun mövcudluğu tam mənası ilə hiss olunmaqdadır. Bələdiyyələr əhalinin problemləri ilə birbaşa məşğul olan yerli idarəetmə orqanıdır. Buna görə hər birinizdən xahiş edərdim ki, öz aranızdan olan ən layiqli namizədə səs verin, hər biriniz bu seçkilərdə aktiv olun”.
Daha sonra seçicilər müxtəlif təkliflərlə müraciət etdilər. Rayon sakini Musarza Mirzəyev təklif etdi ki, şəkərli diabet xəstələrinə ayrılan vəsait kartla vətəndaşların özlərinə verilsin. Belə olan halda sui-istifadə hallarının qarşısını almaq mümkün olar.
Təzəkənd kənd sakini Abışov Hüseyn isə təklif etdi ki, ünvanlı sosial yardımın əvəzinə uşaq pulunun bərpa edilməsi daha məqsədəuyğun olardı.
04 dekabrda 15:00-da Qızılavar kəndində və 05 dekabrda 11:00-da Ərkivan qəsəbəsində keçirilən qəbulda millət vəkili tərəfindən 60-a yaxın vətəndaş qəbul edilmiş, müxtəlif xarakterli şikayətlər dinlənilmiş (məsələn, torpaq mübahisəsi, cərrahiyyə əməliyyatı, müalicə, sanatoriyaya yollayış, dərman preparatının alınması, sosial yardımın verilməsi, pensiya, əfv, qəzalı ev, kənd yolunun təmiri və s. məsələlər) aidiyyəti üzrə göndərilməsi üçün yazılı ərizələr vətəndaşlardan qəbul edilmişdir.
Dekabrın 5-də deputat Masallı rayonunda faktiki olaraq yenidən qurulmuş iki kənd xəstəxanasının açılışında iştirak edib. Boradigah qəsəbəsindəki və Kalinovka kəndindəki xəstəxanalar nəinki yüksək standartlara uyğun təmir edilib, həm də xəstələrin profilaktikası və müalicəsi üçün lazımi avadanlıqlarla təmin olunub. Ən yeni avadanlıqlarla təchiz olunmuş müasir otaqlar, uzi və rentgen aparatları, analizlərin keçirilməsi üçün laboratoriya, doğuş şöbəsi üçün avadanlıqlar və sair kənd əhalisinə yüksək xidmət göstərməyə imkan verir. Tədbirdə nitq söyləyən millət vəkili sonda bunları qeyd etdi: “Digər sahələrdə olduğu kimi səhiyyədə müşahidə olunan bütün bu müsbət dəyişikliklər ölkə rəhbərliyinin sosial yönümlü siyasətinin nəticəsidir ki, bu da heç şübhəsiz əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilib, və mən bütün seçicilərim adından diqqət və qayğıya görə Azərbaycanın Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı çatdırıram”.




Modern.az