
Dekabrın 6-da Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyevin evinə edilən basqının bəzi təfərrüatları üzə çıxıb. Qubadan deputat seçilən Vahid Əhmədov da dünən həmin ailəyə baş çəkib. Onun Modern.az saytına bildirdiyinə görə, Simanduyevlərlə görüşə rayon səhiyyə şöbəsinin müdiri ilə birlikdə gedib. Bundan sonra rayon polis şöbəsinin rəisi və prokuroru ilə əlaqə saxlayaraq cinayətkarların tutulması istiqamətində əməliyyat axtarış tədbirlərinin gedişi ilə maraqlanıb:
“Hadisə zamanı dini icmanın rəhbərinin qızı Liza Simanduyeva quldurlardan birinin maskasını əli ilə dartıb çıxarıb və ona “səni tanıdım” deyib. Bundan sonra quldurlar onu bıçaqla vurublar. İstintaq sirri olduğundan bəzi məqamları demək istəmirəm, ancaq əminəm ki, qısa zamanda cinayətkarlar yaxalanaraq məsuliyyətə cəlb ediləcək. Qeyd edim ki, bu hadisə ilə bağlı hər hansı dini-etnik çalar axtarmağa ehtiyac yoxdur. Bu, sırf quldurluq faktıdır və onlardan birinin yəhudi əsilli olması da müəyyənləşdirilib”.
Basqından sonra Boris Simanduyev bildirib ki, evə hücum edən quldurlar onu döyüblər, bacısına isə bıçaqla xəsarət yetiriblər. Onun sözlərinə görə, quldurlar evdən özünə və sinaqoqa məxsus 130 min manata qədər pul, eləcə də qızıl-zinət əşyaları aparıblar.
Vahid Əhmədovun sözlərinə görə, dini icma sədrinin bacısı əməliyyat olunub və həyatı üçün təhlükə yoxdur.
Boris Simanduyev ötən il aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Modern.az