Finlandiyada yaşayan azyaşlı soydaşımız Aylin Cabbarlı Finlandiyanın populyar pop müğənnisi Diandra Floreslə eyni səhnəni bölüşüb.
Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Gənc sənətçi artıq ikinci dəfədir balaca həmyerlimizi öz konsertinə dəvət edir. Finlandiyanın Vanta və İvella şəhərlərində keçirilən və mindən çox tamaşaçının iştirak etdiyi konsertlərdə Aylin Cabbarlının çıxışı maraqla qarşılanıb. O, həmyaşıdları ilə birgə konsertdə iki mahnı ifa edib. Konsertin sonunda tamaşaçılar Diandra Floreslə yanaşı, Aylin Cabbarlıdan da imza istəyib. Diandra Flores yaxın gələcək üçün nəzərdə tutulan konsertlərində Aylinlə birgə çıxış edəcəyinə söz verib.
12 yaşlı Aylin Cabbarlının ailəsi 10 ildən çoxdur Finlandiyanın Espoo şəhərində yaşayır. Musiqi dərslərini anası Ulviyyə Cabbarlıdan alan Aylin AzərTurk Gənclər Təşkilatının nəzdindəki musiqi qrupunun üzvüdür. Bu ilin oktyabrında Finlandiyada keçirilən “Uşaqların səsi” musiqi yarışmasına qatılan Aylin Cabbarlı yarımfinaladək uğurla çıxış edib. Balaca həmyerlimiz musiqi müsabiqəsinin münsiflər heyətində olan Diandra Floresin komandasında yarışıb.


Gülşən RAUFQIZI