“Şəxsən mən Türkiyənin bütün qonşuları ilə yaxşı münasibətlərinin olmasının tərəfdarıyam. Ermənistanla əlaqələrimizin qurulmaması, təbii ki, Azərbaycanla münasibətlərimizlə bağlıdır”. Bunu Modern.az saytına Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən millət vəkili seçilən, tanınmış jurnalist-yazar Mustafa Balbay deyib.
O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən, Türkiyə-Ermənistan sərhədlərinin açılması, bu iki ölkə arasında yaxşı münasibətlərin olması çətin məsələdir.Mustafa Balbayın sözlərinə görə, Azərbaycanın işğal altındakı torpaqları azad olunmayana qədər Türkiyənin Ermənistanla sərhədinin açılması rəsmi Ankara üçün də sərfəli olmaz.
Onun fikrincə, beynəlxalq oyunçular ortadan çəkilərsə, bölgə dövlətləri öz aralarında olan problemləri özləri həll etməyə qadirdirlər. Böyük dövlətlər, qlobal aktyorlar aradan çəkilsə, biz bölgə dövlətləri olaraq öz aramızda bir araya gəlib razılıq əldə edə bilərik. Ancaq böyük güclərin regiondakı maraqları daha ön planda olduğu üçün bölgə ölkələri altda qalır”.
Millət vəkili qondarma erməni soyqırımının 100 illiyinə erməni lobbisi və Ermənistanın hazırlıqları qarşısında Türkiyənin hansı addımlar atmasından da danışıb. Onun fikrincə, Türkiyə hökuməti uydurma erməni soyqırımı tədbirlərinin qarşısının alınmasında keyfiyyətsiz addımlar atır: “Düzdür, hazırlıqlar var, amma ciddi bir siyasət görmürəm. Türkiyə hökuməti bu istiqamətdə ciddi addımlar atmır”.
Mustafa Balbay 2009-cu ildə “Ergenekon” işi ilə bağlı həbs edilib. Məhkəmə ona 2013-cü il avqustun 5-də 34 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Lakin Mustfa Balbay elə həmin il dekabrın 10-da azadlığa buraxılıb.
Aqşin Kərimov