Dekabr ayının 9-10-da Böyük Britaniyanın baş naziri Devid Kemeron Türkiyədə səfərdə olacaq. Bir müddət əvvəl isə İran prezidenti Həsən Ruhani, ABŞ dövlət katibi Con Kerri və sonda Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər ediblər. Maraqlıdır, dünyanın güclü dövlətlərinin rəhbərliyinin Türkiyəyə intensiv səfərləri hansı məqsəd xidmət edir?
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Modern.az saytına deyib ki, dünyanın böyük dövlətlərinin rəhbərlərinin Türkiyəyə səfər etməsi Ukraynadakı hadisələrlə bağlıdır:
“Bu məsələdə Türkiyə özünü NATO-nun üzvü olan dövlət kimi aparmır. Türkiyə Rusiya ilə sıx əməkdaşlıq edir. Hətta Xəzər dənizinin dibindən yeni bir boru kəməri salmaq haqqında düşünür. Ona görə görünür ki, bu Avropa ölkələrini narahat edir. Çünki Avropa ölkələri Rusiyanın Krımı ilhaq etməsindən və Donbasda apardığı işlərdən narahatdır. Ona görə çox istəyirlər ki, Türkiyə də onlarla bir səngərdə olsun. Hesab edirəm ki, iri dövlətlərin Türkiyəyə səfər etmələrinin məqsədi budur”. Ekspert qeyd edib ki, İŞİD, İraq, kürd, PKK məsələsi də Devid Kemeronla müzakirə olunacaq: “Bu məsələlərə ikitərəfli görüşdə mütləq yer ayrılacaq. Bundan başqa, Türkiyənin özü də Kemeronla görüşdə bu məsələləri ortaya atacaq”.
Vəfa Quluzadə hesab edir ki, Devid Kemeronun Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməyəcək:
“Bu məsələni Devid Kemeronla müzakirə etməyə dəyməz. Çünki hələlik Qarabağ məsələsinin həllinə icazə verməyən Rusiyadır. Devid Kemeron Ərdoğanla bu barədə nə danışacaq ki?! Putin Türkiyəyə səfəri zamanı Qarabağ problemindən danışmalı idi, amma danışmadı. Bəlkə də danışıb. Sadəcə, nəticəsiz olduğuna görə mətbuatda bu barədə heç bir şey deyilmədi”.
Namidə BİNGÖL