Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Modern.az Şuraya istinadən xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə islahatının mütərəqqi nəticələri qeyd edilib, bir çox nöqsan və neqativ halların qarşısının qətiyyətlə alındığı bildirilib.
Tədbirdə insanların məhkəmə prosesləri barədə dərhal məlumatlanması, məhkəməyə çatımlılığın və çəkişmə prinsipinin təmin edilməsi məqsədilə hazırlanmış yeni Elektron Məlumatlandırma Sisteminin təqdimatı keçirilib. Qeyd edilib ki, sistem vasitəsilə proses iştirakçılarına məhkəmə iclasları barədə məlumatlar «SMS bildiriş» formatında dərhal göndəriləcək, hakimlərin müxtəlif dövlət orqanlarına sorğuları onlayn rejimdə cavablandırılacaq.
Həmçinin, iclasda dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən, bu məqsədlə məhkəmələrdə ardıcıl monitorinq və yoxlamaların keçirildiyi vurğulanıb, insanların haqlı narazılığını doğuran korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və sair qanun pozuntularına yol verən hakimlərin ciddi intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.
İclasda, icraatda olan intizam işlərinə baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqlarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, həmin məhkəmənin hakimləri Fəqan Əhmədov və Şərafət Məmmədovaya töhmət verilməsi, məhkəmənin sədri Müseyib Hüseynova irad tutulması barədə qərarlar qəbul edilib. Digər məhkəmələrdə keçirilmiş yoxlamalar nəticəsində bu kimi hallara yol vermələri aşkar edilmiş 3 hakim barədə intizam icraatları başlanılıb, məhkəmələrdə monitorinqlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Modern.az