BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində (BANM) olub.
Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, rektor Elmar Qasımov qonağı salamlayaraq onu BANM-də görməkdən məmnunluğunu bildirib. O, tələbələrə Qordon Birellin fəaliyyəti haqqında qısa məlumat verərək, onun neft mühəndisliyi sahəsində uzun illər çalışdığını və 2012-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti təyin olunduğunu deyib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin neft sənayesinin inkişafındakı xidmətlərinə görə, o cümlədən “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar Q.Birrellin “Dostluq” ordeni ilə təltif edildiyini vurğulayıb və bu münasibətlə qonağı təbrik edib.Rektor E.Qasımov Azərbaycanda neft-qaz sənayesinin inkişafından söz açaraq bildirib ki, ölkəmizdə neft strategiyasındakı mövcud perspektiv imkanlar gənclərin BANM-yə marağını artırır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilis-dilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək qeyd edib ki, buna misal BANM-nin yaradılması, xarici neft-qaz şirkətləri ilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell BANM-in tələbələri üçün “20 illik uğurlu neft yolu “ mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda BP şirkətinin Azərbaycandakı 20 illik fəaliyyətindən, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə Azərbaycanın neft-qaz sənayesinin inkişafında əldə olunan böyük uğurlardan, Azərbaycanın beynəlxalq layihələrdəki rolundan, bu layihələrin icrasına cəlb etmək üçün ixtisaslı mütəxəssislərə ehtiyac yaranmasından və bu sahədə görülən işlərdən, Bakı-Tbilisi-Ceyhan layihəsinin iqtisadi önəmindən və ölkədə həyata keçirilən uğurlu neft strategiyasından bəhs edildi.
Qordon Birrell həmçinin BP şirkətində gənclər üçün yaradılan təlim və karyera imkanları barəsində danışıb. Sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə qonağa təşəkkür edib və onu BANM-nin “Fəxri qonaq” diplomu ilə təltif edib.
Xatırladaq ki, 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.

