
Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apelyasiya şikayəti əsasında proses davam etdirilib.
Bu barədə Modern.az saytına İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib: “Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda bizim tərəfimizdən apelyasiya baxışından Ali Məhkəməyə şikayət verilib. Bu səbəbdən də bugünkü məhkəmə prosesi təxirə salınıb. Biz Nərimanov rayon Məhkəməsinin qərarını qanunsuz hesab edirik. Cinayət işinə xitam verilməsini, cinayət təqibinə son qoyulmasını və İlham Mirzəyevin həbsdən azad olunmasını tələb edirik. Ali Məhkəmə şikayətə baxdıqdan sonra Bakı Apelyasiya Məhkəməsində proses davam etdiriləcək”.
Vəkil qeyd edib ki, bugünki məhkəmə açıq keçirilib, teleaparıcının həyat yoldaşı da prosesdə iştirak edib. İlham Mirzəyev hazırda istintaq təcridxanasının sanitar qovşağında müalicəsini davam etdirir.
İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq Nərimanov rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI