Çeçenistanda maskalı naməlum şəxslər dekabrın 4-də Qroznıya hücum edən yaraqlıların evlərini yandırmağa başlayıblar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, respublikanın rəhbəri Ramzan Kadırovun yaraqlıların qohumlarının köçürüləcəyi və yaşayış yerlərinin dağıdılacağı ilə bağlı hədələrindən sonra başlayıb.
Dekabrın 4-də yaraqlıların Qroznıda iki binanı zəbt etməsi zamanı güc strukturlarının 14 üzvü öldürülüb. Bunun səhəri günü Ramzan Kadırov bəyan edib ki, əgər yaraqlı Çeçenistanda polisi, yaxud başqa şəxsi öldürəcəksə, onun ailəsi dərhan respublikanın ərazisindən geri qayıtmamaq şərtilə çıxarılacaq, evi isə yerlə-yeksan ediləcək.
Kadırovun bəyanatından sonra neçə evin dağıdıldığı məlum deyil. Bəzi məlumatlara görə, 5 mənzil yandırılıb, “Slon.ru” saytı isə bu mənzillərin sayının 4-ə çatdığı haqda məlumat yayıb. Məlumatda qeyd edilir ki, dekabrın 6-da Açxoy-Martanovski rayonunun Yandi kəndinə müxtəlif markalı 14 maşın, o cümlədən UAZ və “Toyota Camry” gəlib. Bu avtomobillərdə olan maskalılar bir-birilə çeçen və rus dillərində danışıblar. Onlar yaraqlıların evlərinin pəncərələrini qıraraq od vurublar. Şahidlərin sözlərinə görə, kənddəki evlərdən biri partladılıb. Yerli sakinlərin iddialarına görə, bunu güc strukturlarının əməkdaşları ediblər. Adının çəkilməsini arzulamsayan sakinlərdən biri isə deyib ki, dekabrın 7-də kəndə güc strukturlarının böyük bir qrupu gəlib və heç bir izahat vermədən ailələri evdən qovaraq yandırıblar.




Modern.az