“Builki bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin 30 faizindən çoxu qadınlardır. Qadınlarımızın aktivliyini çox yüksək qiymətləndiririk. İnanırıq ki, seçkilərdə əvvəlki illərdən də uğurlu nailiyyətlər əldə edəcəklər”. Bunu Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, bölgələrdə qadınların aktivliyi əvvəlkilərdən fərqli olaraq bu il daha çox müşahidə olunur: “Respublikada özünüidarəetmədə iştiraka qadınlarımız arasında böyük maraq var. Bu, dövlətimizin başçısı, partiyamızın sədri cənab prezidentimizin apardığı siyasətin nəticəsidir. Cəmiyyətimizdə qadınlara böyük yer verilib. İctimai-siyasi fəaliyyətdə qadınlarımız özlərini çox yaxşı doğruldub. Gəncəbasar bölgəsindən yeni qayıtmışam. Orda qadın namizədlərin sayı kifayət qədər idi. İndi bölgələrdəki yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliynə daha çox ehtiyac var. Bölgələrdə qadınlar öz dərdini, problemini bölüşmək üçün çox vaxt kişilərin yanına getmirlər. Amma öz həmcinslərinin yanına məmnuniyyətlə gedirlər. Bunun nəticəsidir ki, bu bələdiyyə seçkilərində respublikanın hər yerində qadınların fəallığı yüksək səviyyədədir”.
Dekabr ayının 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.
Namidə BİNGÖL