Bu gün tanınmış alim, Nobel mükafatının təsisçisi Alfred Nobelin ölümündən 118 il keçir. O 1896-cı il dekabrın 10-da İtaliyanın San-Remo şəhərində 63 yaşında vəfat edib. Məhz onun ölüm günündə doğma şəhəri Stokholmda alimin adını daşıdığı mükafat sahiblərinə verilir. Bu münasibətlə Modern.az Alfred Nobelin həyatına qısa nəzər salır.
Alfred Nobel özünü kosmopolit hesab etsə də, Rusiyaya qarşı xüsusi rəğbət bəsləyirdi. O 1833-cü ildə İsveçdə çoxuşaqlı ailədə dünyaya gəlib. Atası Emmanuil ailəsini dolandırmaq üçün Sankt-Peterburqa gedib. Burada uğurlu biznes qurduqdan sonra isə ailəsini də yanına gətirib. Məhz Rusiyada yerli dili öyrənən gənc Nobel mükəmməl təhsil alıb.
O, rus kimyaçısı Nikolay Zinini öz mənəvi atası hesab edirdi və onun təsiri alıtnda nitroqliserin elementinin kimyəvi özəlliklərini tədqiq etməyə başlayır. Həmişə Rusiyanı öz kiçik vətəni adlandıran Alfred Nobel dünya ədəbiyyatında İvan Turgenevin yerini xüsusi qeyd edərdi. Nitroqliserinlə bağlı apardığı təcrübələr ona böyük sərvət qazandırsa da, şəxsi faciələrinə də səbəb oldu. Təcrübə zamanı baş verən partlayış nəticəsində qardaşını itirir. Beləliklə, nitroqliserinin partlayıcı özəllikləri qardaşını itirməsilə sübuta yetirilir. Əsasən partlayışla bağlı olan 335 patent rəsmiləşdirdiyi üçün onu “dinamit kralı” adlandırmağa başlayırlar.
Nobel heç zaman evli, yaxud övlad atası olmayıb.O, qadınlarda “sadəliyi və zövq məhdudluğu”nu qəbul edə bilmirdi. Amma bir neçə dəfə aşiq olur. 30 yaşı olarkən Alfred fransız aktrisası Sara Bernarla münasibətdə idi və hətta evlənmək barədə düşünürdü. O, sevgilisini ideal qadın sayırdı. Lakin anası deyir: “Keçmişdə aktrisaların qəbiristanlıqda basdırılmasını boş yerə qadağan etməmşidilər. Onların ruhu yoxdur. Yalnız çoxsaylı rolları var. Mən bilirəm ki. Fransada qadına görə həyatını məhv edənlərə anlayış və təəssüflə yanaşırlar, amma sənin vətənində oğlum, belə adamı axmaq sayırlar. Axı, sən hər halda isveçlisən”.
1876-cı ildə Nobel qəzetlərin birində elan verir: “Çox varlı, təhsilli, yaşlı kişi (41 yaş) bir neçə dil bilən orta yaşlı qadını özünə katib və təsərrüfat köməkçisi işinə dəvət edir”. Bu təklifə müflisləşmiş qrafinya Berta Kinski reaksiya verir. Onun iş qrafiki Alfred Nobellə hər gün Bulon bağlarını gəzməkdən və ortaq qəlyanatlı etməkdən ibarət idi. Günlərin birində Kinski Vyanadakı nişanlısının yanına qaçır, amma alimlə uzaqdan məktublaşmağa davam edir.
Nobelin sonuncu eşq macərası gülsatan Sofi Qesslə yaşanır.
Qıza ilk baxışdan heyran olan alim tədricən bu münasibətlərdən bezir. Təhsilsiz və tənbəl olan Qess gəzməklə məşğul olurdu və ərinin pullarını sağa-sola xərcləyirdi. O, ərinə mənasız tələblər: paltar, şlyapa, yaxud əlcək sifariş verməyi, gələn moda mövsümündə hansı rənglərin dəbdə olacağını öyrənməsini və s. istəyirdi. O, sonda bu münasibətlərə son verir.
Alfred Nobel dinamiti kəşf etməklə sülhə xidmət etdiyini düşünürdü. Onun fikrincə, düşmən tərəflər bir-birini qısa vaxtda tamamilə məhv edə biləcək silahla tanış olduqdan sonra daha müharibə etməyəcəklər. 1888-ci ildə qardaşı Lüdviq Kann şəhərində vəfat edən zaman Avstriya qəzetlərindən biri səhvən Alfred Nobelin ölümü barədə nekroloq yazır. Nekroloqda o, “milyonlar üzərində pul qazanan şəxs”, “dinamit kralı” və “partlayıcı ölüm taciri” kimi təqdim olunurdu.
Özünün belə təsvir olunmasından təəccüblənən Nobel ömrünün sonlarında sərvətinin əsas hissəsini dünya elminin inkişafına yardım edən alimlərin mükafatlandırılması üçün ayırır.
Şəxsi tərcümeyi-halının yazılmasına isə Nobel belə cavab verərdi: “Məni öyrətmək lazım deyil. Tərcümeyi-halı yazmaq məşhur qatil və akytorların məşğuliyyətidir. Mənim isə heç işləməyə vaxtım çatmır. Amma hər halda bunu çap edə bilərsiniz.
Mənim bioqrafiyam: “Nobel – zavallı, yarımcanlı varlıqdır”.
Üstünlükləri: dırnaqlarını təmiz saxlayır və heç kimə yük olmur.
Çatışmazlıqları: ailə qurmaması, çox səbrli olması, zəif sağlamlığı və güclü iştahının olması.
Yeganə arzusu: diri-diri basdırılmaması
Ən böyük günahı: zənginliyə həvəsli olamaması... "Adi insan üçün bu qədər bəsdir”.
Sonda böyük alimin bir neçə aforizmini təqdim edirik:
“Mənim vətənim işlədiyim yerdədi. Mənsə hər yerdə işləyirəm”.
“Əgər beynimdə min fikir varsa və onlardan yalnız biri məntiqlidirsə, mən vəziyyətimdən razıyam”.
“Təmiz reputasiya təmiz köynəkdən vacibdir. Köynəyi təmizləmək olur, reputasiyanı isə heç vaxt”.
“İstənilən demokratiya əclafların diktaturasına gətirib çıxarır”.


Vüqar İsmayılov