
"Azərbaycan və Türkiyə mediası hər iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflərə doğru birgə hərəkət etməlidir". Bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
PA-nın şöbə müdiri qeyd edib ki, jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər iki xalqın maraqlarını nəzərə almalıdırlar.Ə.Həsənov bildirib ki, Azərbaycan və Türkiyə münasibətlərinin təməli ulu öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev tərəfindən sağlam qoyulub: "Mustafa Kamal Atatürk hər iki dövlətin sevincini, kədərini eyniləşdirərək, hər iki millətin taleyi ilə bağlı onların çiyinlərinə bərabər yük düşdüyünü bildirib. Heydər Əliyev isə iki ölkə arasındakı münasibətlərin yeni bir formul - "Bir millət, iki dövlət" formulu əsasında əbədiyyətə qədər sürəcəyini, bu xalqlar yaşadıqca, bu münasibətlərin də davam edəcəyini bəyan edib".
PA rəsmisi qeyd edib: "Əgər dövlətlərimiz bir yerdədirsə, ölkə başçılarımız - Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bütün məsələlərdə iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırlarsa, xarici ölkələrdəki diaspor təşkilatlarımız eyni məqsədə xidmət edirlərsə, xarici ölkələrdəki diplomatik korpuslarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyət göstərirlərsə, bir-birləri ilə daim məsləhətləşmələr aparır, eyni hədəflərə doğru hərəkət edirlərlərsə, nədən bizim media orqanlarımız da bilrikdə fəaliyyət göstərməsinlər?!"
Ə.Həsənov bildirib ki, bu yaxınlarda Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində keçirilmiş tədbirdə for-post hesab edilən ölkənin başçısı, Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən, Azərbaycan Prezidenti "Türkiyə burada yoxdur, mən varam və sizin cavabınızı da mən verəcəyəm" demişdi. PA rəsmisi bildirib ki, bu ifadənin özü bu gün də dövlət başçılarımız səviyyəsində, iki ölkə arasında münasibətlərin göstəricisidir.
"Suriyada, Misirdə, İranda, Dağlıq Qarabağda, Qəzza bölgəsində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər yalnız o transmilli media orqanlarının təqdim etdiyi kimidir? Məgər bütün dünya ölkələri o media qurumlarının jurnalistləri kimi düşünür?"
"Biz hamımız bilirik ki, İslam dini dünyaya, bəşəriyyətə hansı dəyərləri gətirib. Təəssüf ki, hazırda həmin dəyərlərin çoxu başqa ad altında dünyada təbliğ olunur. İslam ölkələri terroru dəstəkləyən, öz daxillərində və bir-birləri ilə nizam yarada bilməyən dövlətlər kimi təqdim edilirlər. Bu anlamda jurnalistlərin qarşısında mühüm vəzifələr durur"-deyən, Ə. Həsənov sonra təəssüflə bildirib ki, insanlar müsəlman ölkələrində baş verən hadisələri hələ də CNN, BBC və dünyanın digər bu kimi transmilli media qurumlarından alırlar:
"Amma araşdırıldıqda, həmin ölkələrdə baş verən hadisələrlə onlar haqqında dünyaya yayılan məlumat arasında ciddi uyğunsuzluq olduğu, hadisələrin təfərrüatının kənarda qaldığı, hətta əsas cizgilərinin belə o informasiyalarda öz əksini tapmadığı üzə çıxır. Suriyada, Misirdə, İranda, Dağlıq Qarabağda, Qəzza bölgəsində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər yalnız o transmilli media orqanlarının təqdim etdiyi kimidir? Məgər bütün dünya ölkələri o media qurumlarının jurnalistləri kimi düşünür? Əlbəttə ki, yox. Amma bizim media nümayəndələrimiz ayrı-ayrı ölkələrin jurnalistlərindən sağlam fəaliyyət göstərsə də, səslərini bəzən ölkə hüdudlarından kənara çıxara bilmirlər. Bu da ona gətirir ki, dünyada müsəlman dövlətləri, xalqlarına qarşı qərəzli rəy formalaşdırılır. Bu dövlətlər və xalqlar terrorizmin məskəni kimi, vəhşi, sivil normalardan uzaq insanlar kimi təqdim olunurlar".
PA-nın şöbə müdiri bir neçə gün əvvəl İranda keçirilən İslam Konfransı Təşkilatının mətbuat və informasiya nazirlərinin toplantısında çıxış edərək Azərbaycanda İslam Ölkələri Jurnalistlər Birliyinin yaradılması haqqında məlumat verdiyini və dünyanın 55-dən artıq dövlətinin bu təşəbbüsü ürəkdən dəstəklədiyini qeyd edib. Ə.Həsənovun sözlərinə görə, İslam dövlətləri Azərbaycanın bu işə ilk təşəbbüskar kimi qoşulmasını, İslam Ölkələri Jurnalistləri Birliyinin təsis qurultayının Bakıda keçirilməsi təklifini yüksək qiymətləndiriblər.
Modern.az