Modern.az

“İqtidarla görüşdə Azərbaycan üçün önəmli məsələlər qaldırılacaq”

“İqtidarla görüşdə Azərbaycan üçün önəmli məsələlər qaldırılacaq”

Təhsil

11 Dekabr 2014, 13:23


Azərbaycanın bir neçə müxalifət partiyası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a görüşlə bağlı geniş məlumat verməsə də,  iştirak etməyəcək digər müxalifət partiyalarından danışıb:

“Digər müxalifət partiyaları belə hesab edirlər ki, o cür görüşlərin əhəmiyyəti yoxdur. Ona görə belə görüşlərdən imtina edirlər. Bundan əlavə, belə düşünürlər ki, bu səviyyədə görüşmək olmaz. Ümumiyyətlə, hər kəsin bu görüşlə bağlı müxtəlif fikirləri var. Təbii ki, müraciət edən qüvvələrin bu məsələdə fikirləri üst-üstə düşüb”.

KXCP sədri Mirmahmud Mirəlioğlu Modern.az-a açıqlamasında görüşün detalları barədə bunları deyib: “Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla müxalifət partiyalarının  görüşü barədə qarşı tərəf məlumat verəcək. Biz məlumat verə bilmərik.

Ona görə ki, görüşün təşəbbüskarı bizik, təşkilatçıları isə onlardır. Onlar məlumat məsləhət bilsələr məlumat verəcəklər. Bəlkə də həmin görüş mətbuat üçün açıq olacaq. Elan onlar tərəfindən olacaq”.    

“Digər müxalifət partiyaların da iştirakı ilə görüş üçün müraciət etməyi düşünürsünüzmü” sualına KXCP sədri belə cavab verib: “Görüş baş tutacağı təqdirdə nəticəni görəcəksiniz. O zaman biləcəksiniz ki, bu görüşdə iştirak edənlər təkcə özləri, öz partiyaları üçün yox, bütövlükdə cəmiyyət, iqtidar, müxalifət, Azərbaycan üçün  önəmli olan məsələləri qaldıracaqlar. Nəticəsinin nə olacağını isə zaman göstərəcək”.  

KXCP, ADP, ALDP, və AXP  bir müddət əvvəl Prezident Administrasiyasına iqtidarla dialoq üçün müraciət etmişdilər.  

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı