Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Serbiya Respublikasının parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az saytı xəbər verir ki, Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib.
Xanım Maya Qoykoviç ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirdi. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən xanım Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirib.
Modern.az