Dekabrın 11-də Bakıda, Muzey Mərkəzində Türkiyənin Anadolu Agentliyi və Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) mərhum dövlət başçısı Heydər Əliyevin qorunub saxlanılan fotoşəkillərindən ibarət “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb.
Sərgi Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.
Sərginin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, bu sərgini Heydər Əliyevin zəngin irsinə dərin ehtiramın göstəricisi kimi dəyərləndirib.
Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas, TRT kanalının baş direktoru Şenol Goka, Yunus Əmrə İnstitutu direktorunun müavini Şenol Çobanoğlu, AzərTAc-ın baş direktoru Aslan Aslanov və Anadolu Agentliyi baş direktorunun müavini Əbubəkr Şahin çıxış edərək Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən danışıblar.
Üç gün davam edəcək sərginin açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, qardaş ölkədən gəlmiş çoxsaylı qonaqlar iştirak ediblər.






