
“Belə məsələlər barədə Prezident Administrasiyasında, Təhsil Nazirliyində, elə Elmlər Akademiyasının özündə də daha düzgün düşünən insanlar var. Onlar daha düzgün, daha doğru proqnoz verə bilərlər”.
Bunu Modern.az-a deputat, tarixçi-professor Fəzail İbrahimli, parlamentdəki həmkarı Siyavuş Novruzovun Elmlər Akademiyasındakı bəzi institutlar barəsindəki təklifinə cavab olaraq bildirib.
Qeyd edək ki, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov saytımıza müsahibəsində akademiyanın tematik cəhətdən bir-birinə yaxın olan institutlarının vahid institut halında birləşdirilməsi təklifini verib. Onun fikrincə, elmi xətt baxımından bir-birinə yaxın olan Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Əlyazmalar institutları birləşərək vahid bir elmi qurumu, eləcə də Ədəbiyyat, Dilçilik, Folklor institutları birləşərək ayrı vahid institutu təşkil etməlidir.
Professor Fəzail İbrahimli isə məsələyə bu cür yanaşıb:
“Siyavuş müəllimin akademiya ilə nə dərəcədə əlaqəsi olduğu, o sistemin mahiyyətini, institutların həyata keçirdiyi elmi siyasəti və digər məsələlərlə nə dərəcədə tanışlığını bilmirəm. Bircə onu bilirəm ki, burada kifayət qədər böyük potensialı olan adamlar var. Tarix İnstitutunun 13 əməkdaşına dövlət mükafatı verildi. Əgər 4 institutun birləşməsi lazım olsaydı, dövlət də bəzi məsələləri ölçüb-biçərdi. Hesab edirəm ki, məsələ ilə bağlı irəli sürəcəyim təkliflər yanlış ola bilər. Elmlər Akademiyası, onun Rəyasət Heyəti var, məsələ ilə bağlı onlar daha peşəkar proqnozlar verə bilərlər. Amma institutları bağla, bir kənara qoy, onlar faydasızdır demək, güman edirəm ki, burada işləyən əməkdaşlara, onların rəhbərliyinə, ümumən akademiya kollektivinə həssaslıqdan kənar münasibətdir”.
Elmin NURİ