Evdar xanım, yoxsa qadın fermer?

Bütün dünyada, o cümlədən Azərbaycanda qadın fermerlər əkinçilik sektorunu kürəyində daşıyır.
Kənd təsərrüfatı sahəsində əsas işçi qüvvəsi olan qadın fermerlər ödənişsiz işlərin mühüm hissəsini yerinə yetirirlər. Qadınların rəsmi sənədlərdə fermer deyil, evdar xanım olaraq yazılması, onların əməklərinin rəsmi statistikada iştirak etməməsinə gətirib çıxarır, halbuki dünyada kənd təsərrüfatı işçi qüvvəsinin 40%-ni qadınlar təşkil edir.
Bu gün evdar xanım adı altında gizlənən, kənd yerlərində yaşayan Azərbaycan qadını, nəinki ev işləri görür, uşağına baxır, həm də tarlada, bağda kənd təsərrüfatı işləri ilə də məşğul olur.
Qadın fermerlər bütün dünyada sosial-iqtisadi varisliyinin açarı və inkişaf proseslərinin həyati qüvvələridir. Dünyanın qida ehtiyacının 50%-dən çoxunu qadın fermerlər istehsal edir. İstər bütün dünyada, istərsə də Azərbaycanda qadın fermerlər kənd təsərrüfatı istehsalnının davamlılığnın təmin edilməsində ən əhəmiyyətli rol oynamaqdadırlar.
“Ailə kəndli təsərrüfatı ili”
Belə bir sorğu təşkil etsək ki, “2014-cü il BMT tərəfindən nə ili elan olunub?”, bir çoxları bu suala cavab verməkdə çətinlik çəkər, bəziləri isə “Sənaye ili” cavabını verər.
Əslində isə 2014-cü il BMT tərəfindən “Ailə kəndli təsərrüfatı” ili elan olunub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2014-cü ilə dair hesabtına görə, dünyada 570 milyon kəndli təsərrüfatının 500 milyonu ailələr tərəfindən işlədilir. İlin əsas məqsədi aclıq və yoxsulluqla mübarizə, təbii ehtiyatların qorunması baxımından ailə kəndli təsərrüfatının əhəmiyyətinin vurğulanmasıdır.
“Qadın fermerlər günü”
Bəli, düz oxumusuz qadın fermerlər günü. Dünyada belə bir gün də qeyd olunur, halbuki bir çoxlarımızın bu gündən xəbəri yoxdur. Gəlin bu günün tarixinə nəzər salaq. “Dünya qadın fermerlər günü” fikri, ilk olaraq, 1995-ci ildə Pekində təşkil edilən IV Dünya Qadın Konfransında meydana çıxdı.
Birləşmiş Millətlər Təşkilatı(BMT), qadınların qida istehsalında və təhlükəsizliyində sahib olduqları əhəmiyyətli mövqedən hərəkət edərək 15 Oktyabr gününü “Dünya qadın fermerlər günü” elan edib.
İlk dəfə 1996-cı ildə bəzi ölkələrdə qeyd olunan bu gündən bir çox insanların hələ də xəbəri yoxdur. Bu günün əsas məqsədi dünyanın diqqətini qadın fermerlərə çəkmək, onların problemləri ilə maraqlanmaq və bu problemlərdən çıxış yolları tapmaqdan ibarətdir.
Mövcud problemlər və kənd təsərrüfatı sahəsində kayera qurmaq
Burada qarşıda duran ən vacib problem, kəndlərdə yerli infrastrukturun zəif inkişaf etməsidir. Əsas problemlər yaxşı təhsil xidmətlərinə, əlçatan səhiyyə xidmətlərinə, telefon və internet xidmətlərinə çıxışın zəif olmasıdır. Ölkəmizdə bu problemlər demək olar ki, həll olmaqdadır. Qadın fermerlərin təhsili vacib məsələdir. Gənclərmizin bu sahəyə maraq dairəsini artırmaq üçün əsas məsələ gənc qızlar üçün kənd təsərrüfatı sahəsində peşə təhsilinin əlçatan və hörmətli hala gətirilməsidir.
Bundan əlavə, bölgələrdə qadın fermerlər üçün təhsil kursları təşkil olunmalı, bu kurslarda qadın fermerlərə sahibkarlıq və liderlik, həmçinin kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı bilik və bacarıqlar öyrədilməlidir. Kənd təsərrüfatı ilə məşğul olan qadın fermerlərimizi tanıtmaq, onların etdiklərini dilə gətirmək, onları mükafatlandırmaqla bu sahəyə marağı daha da artırmış ola bilərik.
Bundan əlavə, Türkiyə təcrübəsində istifadə olunmuş, “Qadın Fermerlər Yarışması”nın ölkəmizdə də təşkil olunması məncə məqsədəuyğun olar.
Adil Rizvan oğlu Əhmədzadə,
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
Məqalə Oxfam Böyük Britaniya Humanitar Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Qadın üçün 16 gün" kampaniyası çərçivəsində hazırlanıb