Milli Məclisin Quba rayonundan seçilən deputatı Vahid Əhmədov seçiciləri ilə növbəti görüşünü keçirib. Deputatın köməkçisi Arif Orucov Modern.az saytına bildirib ki, qəbuldan öncə rayonun bir neçə yaşayış məntəqəsinə baş çəkən Vahid Əhmədov seçicilərin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələlər barəsində suallarını cavablandırıb. Qış qayğıları ilə yaşayan kənd sakinləri deputatdan onları narahat edən problemləri nəzarətdə saxlamağı, qarşıdakı qış fəslində işıq, su, qaz və yanacaqla bağlı problemlərin yaranmamasını arzulayıblar. Görüş zamanı məlum olub ki, Qubanın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələrin yaranması müşahidə edilir.
Sonra Vahid Əhmədov qəbul üçün əvvəlcədən yazılan 27 Quba və qonşu Şabran rayon sakinləri ilə təkbətək görüşüb. Hər bir sakinin probleminə böyük diqqət və qayğı ilə yanaşılıb, həlli yerindəcə mümkün olan məsələlər qəbul zamanı araşdırılıb, müvafiq tədbirlər görülüb. Mərkəzi icra orqanlarından asılı məsələlər tədbir görülməsi üçün əlavə olaraq baxılacaq, nəticəsi barədə vətəndaşlara məlumatlar veriləcək. Quba sakinlərini ən çox narahat edən məsələ mənzil fondunun həddən artıq köhnə olması, bu səbəbdən də təmir üçün lazım olan materialların alınmasında köməklik göstərilməsi ilə bağlı müraciətlərin çox olmasıdır.Ənənəyə uyğun olaraq qəbuldan sonra rayon İcra Hakimiyyətində olan millət vəkili rayon rəhbərliyi ilə görüşdə də camaatı narahat edən problemlər barəsində öz fikir və mülahizələrini söyləyib, həlli yollarını müəyyənləşdiriblər.

