Modern.az

İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama

İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama

Təhsil

Bu gün, 00:40

Bakı İncəsənət Gimnaziyasında bəzi şagirdlərin valideynləri uşaqlarının məktəbdə ayrı-seçkiliyə, zorakılığa və psixoloji təzyiqə məruz qaldıqlarını iddia edirlər.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, valideyn Gülnarə Rəsulova Haqqın.az-a bildirib ki, onun 10 yaşlı qızı T.R. gimnaziyada yaşadıqları səbəbindən artıq bir neçə aydır psixoloji yardım alır.

Onun sözlərinə görə, ötən tədris ilindən bəri müxtəlif dövlət qurumlarına ünvanladıqları müraciətlər isə hələ ki, heç bir nəticə verməyib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.

Bildirilib ki, Azərbaycan Milli Konservatoriyası nəzdindəki incəsənət gimnaziyası ilə bağlı irəli sürülən iddialarla bağlı müvafiq araşdırma aparılıb.

“Dərs ili ərzində tədris mühiti ciddi şəkildə nəzarətdə saxlanılır. Müraciətdə göstərilən hallar sinif rəhbərləri tərəfindən yazılı şəkildə təkzib edilib. Qeyd olunan iddialar üzrə məktəb psixoloqu tərəfindən aparılmış müşahidələrin nəticələri nəzərə alınmaqla zəruri profilaktik tədbirlər həyata keçirilib.

Həmçinin, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

Sözügedən şagirdin qiymətləndirilməsi qanunvericiliyə uyğun şəkildə aparılıb və Pedaqoji Şuranın qərarına əsasən o, yay tədris tapşırığına cəlb edilib.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir. Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, mediada ayrı-ayrı vətəndaş müraciətləri əsasında təhsil sahəsinə dair təsdiqini tapmamış ittiham və iddiaların bəzən yoxlanılmış fakt kimi ümumiləşdirilərək təqdim edilməsi məktəb və müəllim nüfuzuna xələl gətirən yanaşma kimi qiymətləndirilir.

Bu cür hallarda müraciətlərin obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması, nəticələr dəqiqləşdirilmədən ictimai rəy formalaşdıran qəti mülahizələrin irəli sürülməməsi peşəkar jurnalistika prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir