Bu il kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.
Modern.az-ın məlumatına görə, bu baradə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatında bildirilib ki, məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. Artıq ümumi təhsil müəssisələrini əhatə edən ikinci müvafiq təlimə start verilib. Belə ki, ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqə davam edir.
Nazirlik bildirib ki, 2015-ci ildə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsinin binasında isə təmir işlərinin aparılması nəzərdə tutulub.
Məltəm TALIBZADƏ