“Ramizə dünyanın olmayacaq sonundan da çox uzun ömür arzu edirəm”
Bu gün çağdaş Azərbaycan poeziyasının ən çox oxunan və sevilən şairlərindən olan Ramiz Rövşənin 68 yaşı tamam olur. Azərbaycan poeziyasına orijinal və fərqli məzmun gətirən Ramiz Rövşən 1946-cı ilin bu günündə Bakının Əmircan kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini və Moskvada ali ssenari kurslarını bitirib.
Dünyada tanınan Azərbaycan alimi, professor Rafiq Əliyev Modern.az saytı vasitəsilə yaxın dostu Ramiz Rövşənin doğum gününü təbrik etməklə yanaşı, ona yeni yaş ilində ürək sözlərini də çatdırıb:
“Ramiz Rövşən çox böyük şairdi. Şairlik Allahın verdiyi bir paydır. İnsan anadan şair doğulur. Dünyada 2 faiz seçilmiş insan var ki, onlar dünyanı öz ardıyca aparırlar. Həyatın hər bir sahəsində, həm elmdə, həm sənətdə, həm də ictimai həyatda bu belədir. İkinci qrup insanlar isə həmin bu iki faizin ideyaları ardınca gedən adamlardır, yerdə qalan 78-80 faiz adamlar isə adi insanlardı. Bu, bütün dünya ölkələrində belədir, tək Azərbaycanda yox. Ramiz Rövşən bu 2 faiz insanların arasındadır. Onun haqqında bir yazıda da bunu demişəm. 40 -50 ildən sonra sivilizasiyanın düşüncə tərzi, məntiqi qeyri-səlis məntiq olacaq. O zaman “məndən olmayan mənim düşmənidir” kimi düşüncə tərzi olmayacaq, insanlar bir-birlərinə daha sayğılı olacaqlar. Yəni insan məntiqi düşüncəsinin ikinci səviyyəsi olacaq. Amma bu məntiqi düşüncədən də üstün Tanrı məntiqi var. O artıq
əlçatmazdır. Mən Ramiz Rövşəni qeyri-səlis məntiqlə Tanrı məntiqi arasındakı bir adam hesab edirəm. Hərdən özün də deyirəm ki, ay Ramiz, mənim qardaşım, bu sənə Allahın verdiyi bir paydır. Hətta bayaq dediyim o iki faiz arasında da seçilmə gedir, orada da hamı bir deyil. Fikrimcə, Ramiz o iki faizin içində də seçilən, Allahın sevgisinə daha çox tuş gələn birisidir. Ramiz Rövşən Tanrı tərəfindən seçilən və bizim payımıza düşən bir paydır. Mən Ramiz Rövşənə uzun ömür arzu edirəm. Uzun ömür deyəndə mən həm bioloji ömrü deyirəm, həm də dünya yaşını deyirəm. Məsələn, Nizaminin, Füzulinin yaşı bioloji yaş deyil ki! Onların yaşı elə dünyanın yaşı qədərdir. Mən də Ramiz Rövşənə dünya yaşı arzu edirəm. Mən axirəti astronimik cəhətdən qəbul etmirəm. Yəni konkret rəqəmlərlə deyirlər ki, filan illər keçəcək, milyon ildən sonra dünya dağılacaq. Elə deyil! Dünyanın sonu mənəviyyatın aşınması baxımdan olacaq. Ramizə də dünyanın olmayan sonundan çox uzun ömür arzulayıram. İnanıram ki, Ramiz həmişə yaşayacaq!”.
Elmin NURİ