Nurçu camaatın ABŞ-da yaşayan lideri Fətullah Gülən ötən gün Türkiyədə “paralel yapı”ya qarşı polisin apardığı əməliyyatlar barədə açıqlama verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fətullah Gülən ad çəkmədən prezident Rəcəb Tayyib Ərdoğan haqqında sərt tənqidi fikirlər səsləndirib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutaraq bildirib ki, hamı özünü firon kimi hiss edir. “Hamı özünün firon zən etməyə başlayar, amma onların aqibətinin nə olduğu da bəllidir. Fironlar “boğacağam, əzəcəyəm” dedikləri yerdə özləri əzilirlər”. Nurçu lider belə bir müqayisə də aparıb: “Daşı deşən su damcıları yox, damcıların davamlı olmasıdır”.Fətullah Gülən Türkiyənin 8-ci prezident Turqut Özalı yaxşı əmələ imza atan dövlət xadimi kimi nümunə də göstərib: “Bəziləri dəstək oldular. Mərhum Turqut Özal vəfatından əvvəl Asiya turnesinə çıxmışdı. O, mənə bununla bağlı belə xəbər göndərmişdi: “Mən sizin üçün gedirəm. Bəs bu dostlar niyə gəlmirlər?” deyərək Asiyadakı bütün dövlətləri gəzdi. Allah ona elə gözəl iş gördürdü ki, vətənə qayıdandan bir-iki gün sonra ruhunun üfüqlərinə qovuşdu. Allah ona bunu nəsib etdi və minlərlə insan göz yaşı ilə onun dəfn mərasimində iştirak etdi”.
Hizmət hərəkatının lideri Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə bağlı bir sirr də açıb:
“Bu bir sirdir, söyləmək bəlkə də doğru deyil. Amma mən bunu demədən rahat ola bilməyəcəyəm. Süleyman Dəmirəl bəlkə 20 dövlət başçısına məktub yazdı. Mən heç bir dövlət başçısının belə bir şey edəcəyini ehtimal etmədim, bundan sonra da belə olacaq. Məktubun altına imzasını qoydu.
Üstünə isə yazdı ki, siz dövlət başçısına nə doldurursunuz, doldurun. İndi bunları görməzliyə vurmamaq lazımdır. Bundan əvvəlki prezident də (Abdulla Gülü nəzərdə tutur - red.) müxtəlif yerlərə telefon zəngi etdi. Amma məsələ bunların dəstəyində deyil. Əsasən səbəblər planında o işi üzərinə götürəcək, o boyunduruğa boyun əyəcək fədakar insanlar var idi”.
Qeyd edək ki, ötən gün İstanbul polisinin “paralel yapıya” qarşı apardığı “Şafak” adlı əməliyyatda “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Samanyolu” televiziyasının baş direktoru Hidayət Karaca da daxil olmaqla, xeyli sayda insan həbs olunub.
Aqşin Kərimov