Modern.az

XİN-dən erməni iddialarına CAVAB: “Ən dəhşətlisi budur ki...”

XİN-dən erməni iddialarına CAVAB: “Ən dəhşətlisi budur ki...”

Təhsil

15 Dekabr 2014, 14:01


“Ermənistan yenə də hər hansı mənəvi, etik, hüquqi və insani dəyərlərdən kənar şəkildə Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş Qevorkyan ailəsini əsassız təbliğat vasitəsinə çevirib.Qevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutmuş və üçüncü ölkəyə keçmək niyyətində olub. Ailənin başçısı Yegişe Gevorkyan  kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməyib”.

Modern.az saytının məlumatına görə bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət hacıyev bildirib.  

XİN rəsmisinin sözlərinə görə Azərbaycanda olduğu müddətdə Qevorkyan ailəsi münasib mənzil, qida və lazımı həyat şəraiti ilə təmin edilib.  

Hikmət Hacıyev bildirib ki, Qevorkyan ailəsinə daimi əsasda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilib, onların saxlama şəraitindən həmişə razılıq ifadə edilmiş və ölkəmiz tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilib.  

“Ermənistanda aparılmış tibbi müayinələr də ailənin tam şəkildə sağlam olduğunu sübut edib.  Ermənistana təhvil verildikdən sonra Yegişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür.  

Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediliblər. Təəssüflər olsun ki, Yegişe Qevorkyan ailəsi də Ermənistanda bu faciə ilə üzləşib. Beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri Ermənistanın bu kimi qeyri-insani əməllərinə, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən artıq azərbaycanlının taleyinə və soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə və onların məruz qoyulduqları işgəncələrə biganə qalmamalıdır”,-deyə Hikmət Hacıyev söyləyib.  

Qeyd edək ki, 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə respublikamıza qanunsuz keçmiş və o zamandan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna, oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviçi aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında 2014-cü il dekabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb.    

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı