Bakı Slavyan Universiteti yarandığı gündən bir çox maraqlı layihələr həyata keçirir. “Bir günlük Xəlifə” özünüidarəetmə günü xüsusi maraq qazanıb. Belə ki, layihə tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Belə ki, məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrdə tələbələr tərəfindən səs vermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr bir günlük universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da qeyd edək ki, xəlifələr 13 dekabrdan sonra “Kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər.
Unievristetin mətbuat xidmətindən Modern.az-a verilən məlumat görə, ötən illərdən fərqli olaraq bu il “Xəlifə günü” dekabrın 15-nə təsadüf edib.
“Xəlifə”lərin iş günü BSU, BDU və ADU-nun Beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələrin iştirakı ilə”Beynəlxalq münasibətlərin tarixi və hazırkı zamanda elmi baxış nəzərindən tədrisi” mövzusunda dəyirmi masa il’ başlayıb.
Növbəti tədbir ali təhsil müəssisəsi nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzində baş tutub. Türkiyə səfirliyinin müşaviri Abdülqaffar Büyükfırat tələbələrlə görüşüb. Görüş çərçivəsində “Bir millət, iki dövlət”adlı qısa motrajlı film nümayiş olunub.
Xəlifə günü Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Pavloviç Mişşenko BSU-nun Ukrayna Tədris – Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb. Tədbirdə tələbələrdən ibarət “Slavyanoçka” rəqs qrupu müxtəlif rəqs nümunələri ilə çıxış ediblər.
Çexiyanın Azərbaycandakı səfiriliyinin nümayəndəsi xanım Branislava Vaqnerova ali təhsil ocağının qonağı olub və tələbələrlə Çexiyanın iqtisadiyyatı, mədəniyyət və incəsənəti haqqında maraqlı söhbət aparıb. Görüş zamanı görkəmli çex rəssamı Alfonso Maria Muchoya həsr olunmuş prezentasiya keçirilib.
Xəlifə günü çərçivəsində Jurnalistika və Azərbaycan filologiyasında təhsil alan tələbələr üçün tanınmış jurnalist Etibar Babayevin ustad dərsi olub. “Dil problemi və verlişlərdə qaydaların pozulması” mövzusunda söhbət aparan E.Babayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Belarus dili və Mədəniyyəti mərkəzində Belarusun Azərbaycandakı konsulu Alek Aleksandroviç tələbələrlə görüşüb. Görüşdə “Belarus ədəbiyyatının inkişafı” adlı prezentasiya təqdim olunub.
Filologiya fakültəsində yazıçı Natella Osmanlı “Ədəbiyyat qadınların gözü ilə” mövzusunda tələbələrə açıq dərs keçib. Həmçinin həmin fakültənin III kurs tələbələrinə cərrah Qail Qasımovun tibbi biliklər fənnindən mühazirəsi təşkil olunub.
Magistratura şöbəsində qonaq olan Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və tanınmış kulturoloq, professor Fuad Məmmədovla “Pulla alına bilməyən dəyərlər” mövzusunda disput-klubda görüş keçirilib. “Bədən dilimiz nədən bəhs edir” psixoloji seminarında jurnalist Rövşən Məmmədov və psixoloq Fidan Ağayeva magistrant və tələbələrlə maraqlı disskusiyalar aparıblar.
Xəlifə günü Oxford Universitetdində təhsil alan azərbaycanlı tələbələrlə BSU tələbələrinin görüşü yadda qalan olub. Söhbət zamanı müxtəlif fikirlər irəli sürülüb, tələbələrin fəaliyyətlərini genişləndirə bilmələri üçün məsləhətlər verilib.
Tələbələrin “xəlifəlik” etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən 32 tələbə gün ərzində vəzifələrini məharətlə yerinə yetirməyə çalışıblar.


Məltəm TALIBZADƏ