
Milli Məclisin bugünkü iclasında ATƏT-in Minsk qrupu yenidən tənqid edilib. Modern.az saytının məlumatına görə, Minsk qrupunun fəaliyyəti barədə danışan deputat Bəxtiyar Əliyev bildirib ki, ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırır: “Halbuki Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə açıq-aydın qeyd olunub ki, Dağlıq Qarabağ separatçı rejimin nəzarəti altındadır. Bu gün isə ABŞ həmin separatçı rejimi maliyyələşdirir”.
Deputat bildirib ki, belə hallar sülh danışıqlarının dalana dirənməsi üçün zəmin yaradır. Bəxtiyar Əliyev Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfərlərinə də münasibət bildirib: “Minsk qrupunun həmsədrləri özləri deyir ki, tərəflər arasında qarşılıqlı etimad yaradılmalıdır. Amma nədənsə, özləri bu istiqamətdə heç bir iş görmürlər, əksinə vəziyyəti daha da qəlizləşdirirlər, işğal altındakı ərazilərə Ermənistandan səfər edirlər. Bu vəziyyəti aradan qaldırmaq lazımdır. 1990-cı illərin sonlarında ABŞ-dan olan həmsədrin təşəbbüsü ilə işğal olunmuş ərazilərə səfər Ağdam rayonu ərazisindən baş tutub. Yəni Azərbaycanın işğal altında olmayan ərazisindən işğal altındakı ərazilərə getdilər və geri qayıtdılar. Bu qarşılıqlı etimadın yaradılması və sülhün əldə olunması üçün ən effektiv metoddur. Biz nəyə görə ATƏT-in Minsk qrupu həmsədrlərindən bunu tələb etmirik? Niyə onlara demirik ki, Azərbaycanın işğal olunmuş ərazisinə Ermənistandan deyil, Azərbaycan ərazisindən gedin? Gəlsinlər bura, sonra da işğal altındakı ərazilərə getsinlər, görüşsünlər, danışıqlar aparsınlar və Azərbaycan ərazisi ilə geri qayıtsınlar. Azərbaycan nümayəndələri də onlarla birlikdə getsinlər. Bunun nəticəsində də tərəflər arasında etimad yaransın. Əgər onlar bunu etmirlərsə, Azərbaycanın işğal altındakı ərazilərə Ermənistandan səfər edirlərsə, bu qarşılıqlı etimada vurulan ən ağır və ciddi zərbədir. Ona görə də Minsk qrupunun həmsədrləri bölgəyə növbəti səfərlərini Azərbaycandan başlasınlar, buradan da işğal altındakı Füzuliyə, Ağdama, Xankəndinə getsinlər, danışıqlar aparıb geri qayıtsınlar”.
Aqşin KƏRİMOV