Modern.az

"Sərsəng su anbarı insanların həyatına ciddi təsir göstərən mənbədir" - AÇIQLAMA

"Sərsəng su anbarı insanların həyatına ciddi təsir göstərən mənbədir" - AÇIQLAMA

Təhsil

16 Dekabr 2014, 16:59


“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğal altında qalan təbii sərvətlərlə bağlı kifayət qədər araşdırma materialları mövcuddur. İşğal altındakı təbii sərvətlərin dağıdıcı təsirilə bağlı hesabatlar hazırlanıb və ətraf mühitə dəyən ziyan müəyyənləşdirilib”.

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirib.  

O, qeyd edib ki, ümumilikdə, Sərsəng su anbarı bölgənin ətraf mühitinə, eləcə də ətraf rayonların kənd təsərrüfatına, insanların həyatına ciddi təsir göstərən su mənbəyidir:

“Burada digər su mənbələrinin məhdudluğu, yalnız Sərsəng su anbarının suyundan istifadə edilməsi problemlər yaradır. İnsanlar su sarıdan əziyyət çəkir, yayda su tapmır, qışda isə su bolluğu müşahidə edilir”.  

Sektor müdiri deyib ki, nazirlik mütəmadi olaraq monitorinqlər həyata keçirir: “Bilavasitə su hövzələrinin, eyni zamanda bu ərazidəki Tərtər çayının vəziyyətini mütəmadi olaraq yoxlayırıq və məlumatları nazirliyin rəsmi saytında da yerləşdiririk”.  

Çirklilik dərəcəsinə gəldikdə, nazirlik rəsmisi təəssüflə belə halların olduğunu vurğulayıb: “Bəli, belə hallar mütəmadi olaraq baş verir, biz bu çirklənmələri müşahidə edirik.

Bunlar əsasən dağ-mədən sənayesinin inkişafı və bu ərazidəki qızıl mədənlərinin istismarı, qızılın saflaşdırılması üçün lazım olan siyanit turşusunun çaya axıdılması kimi faktlar olduğu ehtimal olunur. Bildiyiniz kimi, işğalla bağlı həmin ərazilərdə birbaşa monitorinq aparmağımız məhduddur. Amma bu o demək deyil ki, biz bu barədə məlumatsızıq.

Ümumiyyətlə, Sərsəng su anbarı və işğal altındakı digər su hövzələrimizin ekoloji vəziyyəti, bölgənin ətraf mühitinə dəyən ziyanla bağlı və erməni qəsbkarlarının işğalı nəticəsində Azərbaycan təbiətinə yönələn əməlləri ilə bağlı Avropa vəhşi təbiəti və təbii ətraf mühitin mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və təbii sərvətlərin mühafizəsi üzrə beynəlxalq birliyin prezidentinə rəsmi müraciətlər edilib. Bu müraciətlərdə məsələ ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi bilavasitə həmin məsul şəxslərin diqqətinə çatdırılıb.

Baxmayaraq ki, bizim müraciətlərimizə həmin beynəlxalq təşkilatlardan hər hansı cavab daxil olmayıb, keçirilən bütün görüşlərdə aidiyyatı üzrə konvensiyalar çərçivəsində bu məsələləri qaldırırıq və bununla bağlı fəaliyyətin zəruruliyini qeyd edirik”.  

Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Parlament Assambleyasının “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçisi” Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan nazir Elmar Məmmədyarov Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini vurğulayıb.    

Gülşən RAUFQIZI    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı