Modern.az

“Rusiyada böyük dəyişikliklər olacaq” – ŞƏRH

“Rusiyada böyük dəyişikliklər olacaq” – ŞƏRH

Təhsil

17 Dekabr 2014, 11:07


“Rusiya prezidenti Vladimir Putin çıxılmaz vəziyyətdə qalıb. Əgər Rusiya  Krımdan çıxsa, Donbas və Donetskdən birdən-birə əl çəksə, onun daxildə vəziyyəti çox pis olacaq”. Bunu Modern.az saytına açıqlamasında politoloq Vəfa Quluzadə Rusiyada müşahidə edilən iqtisadi böhran fonunda Moskvanın Ukrayna siyasətini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə Rusiya Ukraynadan əlini üzməsi Vladimir Putinin xarici siyasətinin iflasa uğraması deməkdir. Analitikin fikrincə, buna görə Kreml Ukrayna ilə bağlı siyasətində hələlik redaktələr etmək fikrində deyil.   Vəfa Quluzadə hesab edir ki, Rusiya iqtisadiyyatının böhranlı vəziyyətdə olması, təkcə Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaların nəticəsi deyil. “Rusiya əslində Ukraynadakı münaqişədən əvvəl çökməyə başlamışdı. Putin düşünürdü ki, Krımı almaqla rus xalqının fikrində dəyişiklik edəcək və qələbə əhval-ruhiyyəsi yaradacaq. O elə hesab edirdi ki, bununla Rusiya iqtisadiyyatını xilas edəcək. Amma bunlar heç biri baş vermədi. Ona görə də Rusiyada vəziyyət olduqca ağırdır”.  

Politoloq bildirib ki, Rusiyada inqilabın baş verməsi üçün hüququn aliliyi, demokratiya və azadlıq əsas rol oynayır. Vəfa Quluzadə qeyd edib ki, çar Rusiyası vaxtında rus xalqına azadlıq verilsəydi, ABŞ indi Rusiya ilə müqayisədə geridə qalmış dövlət olardı.  

“Rusiya elitası isə heç vaxt buna imkan verməyib. Bu, indi də belədir. Rusiyanın inkişafı üçün rus xalqına azadlıq lazımdır. Hesab edirəm ki, Rusiyada böyük dəyişikliklər olacaq”,-deyə Vəfa Quluzadə bildirib.  

Qeyd edək ki, ötən gün Rusiya fond birjalarında rublun avro və dollara nisbətən məzənnəsi kəskin şəkildə ucuzlaşıb. Ötən gün Rusiyada  1 avro 100 rubla çatıb.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı